mobil versiya

Bu məlumatları yaymaq qadağan edilir



Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda təsdiq edilib.
Bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın 19-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan düzəlişlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, əldə etmə, saxlama, daşıma kimi qanunazidd əməllərə görə, habelə, Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların müharibə vaxtı və ya döyüş şəraitində yayılmasına görə cinayət məsuliyyəti müəyyən edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə inzibati məsuliyyət müəyyən edilir.
Yuxarıda göstərilənlərlə əlaqədar dövlət orqanları tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması halları məsuliyyətə səbəb olmur.
Layihədə Silahlı Qüvvələrə dair məlumatların yayılmaması ilə bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara da müvafiq dəyişikliklər nəzərdə tutulub.(azərtac)

KARUSEL / GÜNDƏM
Tarix: 19-12-2023, 14:22