mobil versiya

"Bu il vətəndaşlarımız ilk dəfə azad olunmuş ərazilərdəki seçkilərdə iştirak edəcək" - MSK üzvü



Qarşıdan gələn seçkilərdə qarşımıza qoyduğumuz vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq. Bu gün Azərbaycan xalqı tarixində ilk dəfə olaraq tam ərazi bütövlüyü şəraitində seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən azad edilmiş ərazilərdə də seçki məntəqələri yaradılıb. Bu il həmin seçki məntəqələrində Azərbaycan vətəndaşları ilk dəfə olaraq səsvermədə iştirak edəcəklər. Əvvəllər də seçkilərdə məcburi köçkünlər iştirak edirdilər və heç kəs seçkilərdən kənarda qalmırdı. Builki seçki onunla əlamətdardır ki, vətəndaşlarımız artıq öz yaşayış yerlərində və işğaldan azad olunmuş ərazilərdə keçiriləcək seçkilərdə ilk dəfə iştirak edəcəklər. Bu ərazilərin azad olunmasında, ölkəmizin suverenliyinin bərpasında Azərbaycan vətəndaşları olaraq polis əməkdaşlarının da böyük xidmətləri olub. Ermənistanın torpaqlarımızı işğal etməyə başladığı vaxtdan Vətən müharibəsində Qələbəmizədək daxili işlər orqanlarının ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə iştirakı xalq tərəfindən həmişə yüksək qiymətləndirilib və onlar da bu işlərdə layiqli töhfələrini veriblər. Polis işçiləri də ərazi bütövlüyümüz uğrunda mübarizədə şəhid olublar.
Bu barədə növbədənkənar prezident seçkiləri ilə əlaqədar polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş seminar-müşavirənin açılışında çıxış edən MSK-nın üzvü Ramiz İbrahimov deyib.
Onun sözlərinə görə, bu tədbirlər seçkilər təyin olunan gündən MSK-nın tərtib etdiyi təqvim planına uyğun olaraq keçirilir. İlkin belə tədbir seçkilər elan olunandan dərhal sonra seçki prosesində iştirak edəcək bütün dövlət orqanlarının iştirakı ilə MSK-da keçirilib.
Ötən seçkilərdə - 2018-ci il prezident seçkilərində, 2020-ci il Milli Məclisə olan seçkilərdə polis orqanlarının xidmətini həyata keçirən şəxslərin fəaliyyətindən demək olar ki, hər hansı şikayət daxil olmayıb. Çox sevindirici haldır ki, Azərbaycanda polis öz vəzifəsini yerinə yetirərkən bütün qayda-qanunlara və üzərinə düşən vəzifələri dəqiqliklə əməl etdiyindən bu vətəndaşlar tərəfindən çox yaxşı qarşılandı və onlar barədə hər hansı bir şikayət verilmir.
Qeyd edilməsi zəruridir ki, Azərbaycanda Seçki Məcəlləsinə görə üçpilləli seçki komissiyaları mövcuddur. Bu gün Bakı ərazisi üzrə dairə seçki komissiyalarının sədrləri də seminar-müşavirədə iştirak edirlər. MSK-da seçkilərlə bağlı keçirilən tədbirdə daxili işlər nazirinin müavini İsmət Əliyev orada çıxış edərək həm polis orqanları tərəfindən görülmüş, həm də gələcəkdə görüləcək işlər barədə məlumat vermişdi.
Diqqətə çatdırılıb ki, DİN seçkilər başlanan gündən başa çatanadək seçki orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərir və seçkilərin keçirilməsində mühüm rol oynayır. Belə ki, seçki sənədlərinin mühafizəsi və daşınması, tərtib olunmuş məntəqədə səsvermənin nəticəsinə dair protokolların məntəqə seçki komissiyasından dairə seçki komissiyasına, oradan isə MSK-ya, eyni zamanda, səsverməyə dair bülletenlərinin mətbəədən dairə seçki komissiyalarına çatdırılması və mühafizəsi daim polisin nəzarəti altında və polisin müşayiəti ilə həyata keçirilir.
Qeyd edək ki, MSK tərəfindən polis əməkdaşları üçün yaddaş kitabçası dərc olunub.(azərtac)

KARUSEL / SİYASƏT
Tarix: 9-01-2024, 15:42