Prorektorun qətlini sifariş verən sabiq rektorla bağlı ittiham aktı elan edilib
Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.
İstintaq materiallarına əsasən, universitetin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxs Müşfiq Atakişiyev ona edilən ittihamla özünü təqsirli bilməyib. Digər iki təqsirləndirilən - Samir Quliyev və Dəyanət Quliyev isə özlərini təqsirli biliblər.(report)
KARUSEL / CƏMİYYƏT
Tarix: 22-01-2024, 15:17