Jurnalist Zeynal Vəfa vəfat edib
Xalq artisti Azər Zeynalova ağır itki üz verib.
Sənətçinin atası, şair, tanınmış jurnalist, publisist Zeynal Vəfa 86 yaşında vəfat edib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Zeynal Vəfanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.
İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan “Şərq Qapısı” qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980-1982).
“Aydınlıq” qəzetində baş redaktorun birinci müavini (1990-1992), “Meydan” qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb.
Zeynal Vəfa 1993-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetində baş redaktorun müavini vəzifəsindədir. Prezidentin 2005-ci il 21 iyul tarixli 924 nömrəli sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilib.
“Mənim körpə çinarım”, “Qəlbimin səsi”, “Əgər sevirəm desən”,”Körpələrin xətrinə”,”Beşiklərdən gələn səslər”,”Ömrün beşinci fəsli”,”Millətin xilaskarı”(Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən poyema), “O dünyaya xəbər verin gələn var” və digər şeir kitablarının müəllifidir. Sözlərinə 70 mahnı bəstələnib.
KARUSEL / HADİSƏ
Tarix: 14-03-2024, 16:47