mobil versiya

Avropa İttifaqı Gürcüstana xəbərdarlıq edib




Avropa İttifaqı Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürməyə çağırır.

"Deutsche Welle" xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Parlamentinin tribunasında böhranların idarə olunması üzrə Avropa komissarı Janez Lenarçiç bildirib.

"Aydındır ki, bu qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir. Onun qəbulu Gürcüstanın gələcək Avropa yolunu təhlükə altına salacaq", - Lenarçiç bildirib.

2023-cü ilin martında Gürcüstanın hakim partiyası analoji qanun qəbul etməyə cəhd etmişdi, lakin kütləvi etirazlardan sonra “vətəndaşlarına belə bir qanuna bir daha baxılmayacağına söz verərək” bu addımdan vaz keçdi.

Ötən ilin dekabrında Avropa Şurası Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verib.

“Gürcüstanın gələcəyi Aİ-dədir” - deyə, bildirən Avropa komissarı Gürcüstan rəhbərliyini ölkəni bu yoldan çıxarmamağa çağırıb.

“Xarici agentlər” qanun layihəsi maliyyələrinin 20 faizindən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və media qurumlarının xarici maraq təşkilatları kimi qeydiyyatdan keçməsini tələb edəcək.

Lenarçiç Gürcüstan hakimiyyətini Aİ-yə daxil olmaq məqsədi ətrafında milli konsensus yaratmağa çağırıb.

Gürcüstan parlamenti qanun layihəsini aprelin 17-də birinci oxunuşda qəbul edib. Gürcüstan müxalifəti və vətəndaş cəmiyyəti etiraz aksiyalarını davam etdirirlər.(“AzPolitika.info”)

KARUSEL / DÜNYA
Tarix: 24-04-2024, 11:51