Bu il Cəbrayıla 712 ailənin köçürülməsi nəzərdə tutulur
Bu il Cəbrayılda 712 mənzildən ibarət böyük bir kompleks tikilir və iki aydan sonra bir hissəsi təhvil veriləcək. Bu kompleksə 712 ailənin köçürülməsi planlaşdırılır.
Bu barədə jurnaıistlərə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O qeyd edib ki, ümumilikdə 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramına əsasən, Zəngilan, Cəbrayıl və Qubadlıda 24 kənd, 5 qəsəbə və 3 şəhərin tikilməsi planlaşdırlır.
“Zəngilanda da evlərin tikilməsi davam edir. Artıq 13 binadan ibarət kompleks tikilir və bu il Zəngilan şəhərinə də sakinlər köçəcək. Rayonun Cahangirbəyli kəndində hazırda tikinti işləri həyata keçirilir və əhalinin köçürülməsi planlaşdırılır. Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikinti başlanılıb və həmin kəndlərə köç nəzərdə tutulur”, - deyə o əlavə edib.
V.Hacıyev əlavə edib ki, ümumilikdə 2022-2026-cı illərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarına 40 min nəfərin köçürülməsi nəzərdə tutulur.
KARUSEL / ÖLKƏ
Tarix: 24-04-2024, 16:11