mobil versiya

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb



Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.
DİM-dən bildirilib ki, imtahanda 1 nəfər 93,5 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.
Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri aprelin 30-da olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplaya bilərlər.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc edilib).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən mayın 21-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 18-dən 20-dək (saat 10:00-dan 17:00-dək) DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı məlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-05-2024, 15:48