Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib
Parlament “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiqlənməsi haqqında qanun layihəsini qəbul edib.
Qanun layihəsi Milli Məclisin mayın 21-də keçirilən iclasının gündəliyinə daxil edilib.
İki ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişin 7-ci maddəsinə uyğun olaraq hazırlanmış Protokol 2024-cü il martın 11-də Bakı şəhərində imzalanıb. Protokolda nəzərdə tutulan dəyişikliklərdə Sazişin adında və mətnində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi”, “Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi” və “təhsil sahəsində əməkdaşlıq haqqında” sözləri “Azərbaycan Respublikasının Elm və təhsil Nazirliyi”, “Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi” və “elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında” sözləri ilə əvəz olunur. Bununla yanaşı, Sazişin bir sıra maddələri yeni redaksiyada təqdim edilir.
Protokolda tərəflər arasında dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq bərabərlik və qarşılıqlı fayda əsasında Azərbaycanın ali təhsil sahəsində və Qazaxıstanın ali və ali təhsildən sonrakı təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi təsbit olunur. Bu əməkdaşlıq çərçivəsində dövlətlərin maraqlı elm və ali təhsil müəssisələri arasında müqavilələr əsasında tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin mübadiləsi, müxtəlif konfrans və forumlarda tələbələrin qarşılıqlı iştirakı, dövri nəşrlərin, təhsil sahəsinin müxtəlif aspektləri, attestasiya və akkreditasiya prosedurları, elmi dərəcələr və elmi adlar barədə, sənədlərin tanınması prosedurları haqqında məlumatların mübadiləsi nəzərdə tutulur.(azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-05-2024, 13:02