mobil versiya

Rəqəmsal SAT imtahanı keçiriləcək



İyunun 1-də Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq aşağıdakı sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Sənədlərdən biri çatışmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.
İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.
Qeyd edək ki, iyunun 1-i SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl Bluebook-da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir.
Növbəti SAT imtahanının avqustun 24-də keçirilməsi nəzərdə tutulur.
Əlavə sual yarandığı halda [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-05-2024, 16:24