mobil versiya

QHT-lər gələn aydan azad edilən ərazilərdə səyyar xidmət göstərəcək



Qeyri-Hökumət Təşkilatları (QHT) gələn aydan azad edilən ərazilərdə səyyar xidmət göstərəcək.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, agentlik azad edilən ərazilərdə məskunlaşan əhali üçün QHT-lərin səyyar xidmətləri layihəsinə başlayır.
Layihə məskunlaşma aparılan ərazilərdə yerli ehtiyaclara uyğun olaraq, hədəf qruplarına QHT-lər tərəfindən səyyar ödənişsiz xidmətlərin təşkilini nəzərdə tutur. QHT nümayəndələrinin nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanacaq, QHT-lər isə fəaliyyət göstərdikləri profil üzrə yerli əhaliyə ödənişsiz səyyar xidmət göstərəcək.
Bura səyyar tibbi xidmət (müayinə və s.), fiziki məhdudiyyətli uşaqlar üçün təlimlər, məktəblilər üçün intellektual oyunlar, peşə seçimi təlimləri, asudə vaxtın səmərəli təşkili, şəhid ailələrinin üzvləri üçün psixoloji xidmət, məşğulluğun və peşə hazırlığının artırılması təlimləri, ustad dərsləri, ekoloji maarifləndirmə, mina və partlamamış hərbi sursatlardan, vəhşi heyvanlardan qorunma kimi mövzularda sayıqlılığın artırılması təlimləri kimi səyyar xidmətlər daxildir.
Müraciətlər bu ilin 5-15 iyunda bu linkə keçid edərək sənədi doldurmaqla qəbul olunur. Agentlik təklifləri təhlil edəcək, ən üstün, optimal olanları, indiki şəraitdə ehtiyac duyulanları qəbul edəcək.
Azad edilmiş ərazilərdə QHT-lərin səyyar xidmətlərinin iyul ayında reallaşdırılması planlaşdırılır

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-06-2024, 12:21