mobil versiya

Azərbaycanlı zəvvarlar hamısı sağ-salamatdır - QMİ rəsmisi




Builki Həcc Ziyarətində Azərbaycandan olan zəvvarlar arasında ölüm halı baş verməyib.
Bunu Qafqaz Müsəlmanları İdarəsi Sədrinin birinci müavini, müfti Hacı Salman Musayev məlumat verib.
Onun bildirdiyinə görə, media və sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar paylaşılması Azərbaycan əhalisində, zəvvarların ailələrində təlaş yaradıb və ona bu barədə çoxsaylı müraciətlər edilib.
“Azərbaycanlı zəvvarlar arasında heç bir itki yoxdur. Bizə Azərbaycandan çox zənglər edilir, insanlar narahatdır, amma buna əsas yoxdur, çox şükürlər olsun zəvvarlarımız hamısı sağ-salamatdır. Ümumən bütün dünya zəvvarları arasında ölüm halları hər il baş verir. Azərbaycanlı zəvvarlardan həlak olanı yoxdur, Həcc Ziyarətinin bütün əməlləri də yerinə yetirilib” – hazırda Məkkədə Həcc ziyarətində olan QMİ-nin rəsmi səlahiyyətlisi bildirib.
Hacı Salman Musayev azərbaycanlı zəvvarların oteldə xəsarət alması məsələsinə də aydınlıq gətirib. Qeyd edib ki, otelin lifti sərnişin tutumundan artıq yükləndiyi üçün tənzimləyicisi pozulub və sürətli şəkildə aşağıya enmə baş verib. Nəticədə liftdə olan 2 nəfər azərbaycanlı qadın zəvvar xəsarət alıb.
“Həmin zəvvarlar xəstəxanaya çatdırılıb. Birinə bel sütununda diskin qaçmağa meyilliliyi diaqnozu qoyulub, karset taxılıb, digər lazımi müayinələr edilib. Onun Həcc Ziyarətinin əməllərini yerinə yetirməsi üçün naib tutuldu, öz vəkaləti ilə əməlləri onun əvəzinə icra olundu. Amma Ərəfa günü bütün zəvvarların Ərafatda olması şərtdir, bu, Həccin vaciblərindəndir. Ona görə də xəstəni ambulansla Ərəfata gətirdik, orada lazım olan qədər qaldıqdan sonra yenidən xəstəxana maşını ilə geri qaytarılıb” – QMİ rəsmisi açıqlama verib.
Onun sözlərinə digər xanım zəvvarın xəsarəti yüngül olduğu üçün xəstəxanada müayinələrdən sonra buraxılıb və o, Həccin rituallarını özü yetinə yetirib.
Qeyd edək ki, qeyri-rəsmi mənbələrə istinadən, builki Həccdə 600 nəfərə yaxın zəvvarın həlak olduğu bildirilir. Hacı Salman bildirir ki, Həcc zamanı ölün halları əsasən 3 səbəbdən baş verir – günvurma, sıx izdihamda olmaq və avtomobil qəzası.
“Ona görə də biz həmişə zəvvarlarımızı bu barədə təlimatlandırırıq, onlara izah edirik ki, günün ən isti saatlarında açıq günəş altında olmasınlar. Təvaf vaxtı və digər əməllərin icrası zamanı çox sıx insan izdihamına girməsinlər. Həmçinin də yolu keçərkən, küçədə olarkən avtomobillərdən özlərini qorusunlar” – QMİ Sədrinin 1-ci müavini açıqlama edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində Həcc mövsümü davam edir. Azərbaycandan Həcc Ziyarətinə bu il 1500 nəfər zəvvar gəlib. Məkkədə Həccin bütün vacib rituallarının icrası artıq başa çatıb və Həcc qurbanları kəsilərək Qurban bayramı qeyd edilib. İyunun sonuna qədər Kəbəni vida təvafı ilə Həcc Ziyarətinin yekunlaşdırılması və sonra Mədinə şəhərinin ziyarəti nəzərdə tutulur(trend).

KARUSEL / CƏMİYYƏT
Tarix: 20-06-2024, 14:26