Saray və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray və Masazır qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı, ümumilikdə 32 ədəd 7x62 millimetrlik mərmi, 180 ədəd 5x45 millimetrlik mərmi, 8 ədəd 9 millimetrlik mərmi, 1 ədəd 9 millimetrlik tapança, 25 F-1 əl qumbarası, 3 RQD-5 əl qumbarası və 33 UZRQM partladıcısı olduğu müəyyənləşdirilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri sursatları zərərsizləşdirmək üçün ərazidən götürərək kənarlaşdırıb, aşkarlanan 1 ədəd 9 millimetrlik tapança aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.
KARUSEL / HADİSƏ
Tarix: 21-06-2024, 15:03