"Mərakeş iqlim dəyişikliyi konfransına iki dəfə ev sahibliyi edib" - Səfir
Bu il Mərakeş Kralı VI Məhəmmədin hakimiyyətinin 25 illiyi - Gümüş Yubileyinin qeyd olunması münasibətilə krallığın Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.
Reportyor.az xəbər verir ki, səfir Adil Embarş çıxışında ölkəsinin tarixi və bu günü haqda məlumat verib.
Ötən 25 ilin nailiyyətləri üzərində düşünərkən rəsmi beyət mərasimi ilə qeyd olunan Taxt-tac gününün əhəmiyyətini bir daha xatırlayırıq. XII əsr əvvələ gedib çıxan bu ənənə, dünyada hələ də davam etməkdə olan ən qədim mərasimlərdən biridir. Kral və ölkənin bütün bölgələrindən olan insanlar bu qədim bağlılıq sazişini yeniləmək üçün hər il bir araya gələrək tarix boyu Mərakeş xalqı və onun hakimlərini birləşdirmiş bağları gücləndirirlər. O, bütün müxtəlifliyi ilə xalqımızın birliyini tərənnüm edir.
Son 25 il ərzində Əlahəzrətin rəhbərliyi altında müxtəlif sektorlarda nəzərəçarpacaq irəliləyişləri əldə edildiyini, bu müddət ərzində Mərakeşin ÜDM-i iki dəfədən çox artdığını vurğulayan diplomat dedi ki, sosial sahədə böyük təşəbbüslər yoxsulluğu uğurla azaltmış, universal səhiyyə əhatəsi yaratmış və gender problemlərini hədəfləyib.
İnfrastruktur cəhətdən Mərakeş nəqliyyat şəbəkələrinin gücləndirilməsi, o cümlədən yeni avtomobil yollarının tikintisi, dəmir yolu şəbəkələrinin genişləndirilməsi və liman infrastrukturunun inkişafı üçün böyük layihələr həyata keçirib. Tanjer-Med limanı dünyanın ən böyük limanlarından birinə və regiondakı əsas logistika mərkəzinə çevrilib.
Ətraf mühitə güclü bağlılığını nümayiş etdirən Mərakeş iqlim dəyişikliyi konfransına iki dəfə 2001-ci ildə COP7 və 2016-cı ildə COP21 - ev sahibliyi edib. Bu istiqamətdə Mərakeş 2030-cu ilə qədər enerji ehtiyacının 52%-ni bərpa olunan mənbələrdən qarşılamağı hədəfləyən iddialı enerji keçid planı hazırlanıb. Bu layihə dünyanın ən əhəmiyyətli davamlı inkişaf proqramlarından biri kimi tanınır. 2030-cu ilə qədər istixana qazı emissiyalarını 45,5% azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr arasında yer alır. Bu səbəbdən, Mərakeş Bakıda uğurlu COP29 konfransının keçiriləcəyinə ümid edir və Azərbaycana uğurlar arzulayır.
Gələcəyin qitəsi kimi Afrikaya sarsılmaz inam və dəstək nümayiş etdirən Mərakeş sərhədyanı investisiyaları, ticarət tərəfdaşlıqlarını və regional əməkdaşlıq təşəbbüslərini təşviq etməklə iqtisadi əlaqələri gücləndirməyə çalışıb. Əlahəzrət Kral VI Məhəmməd son 25 il ərzində Afrikanın otuz ölkəsinə etdiyi əlli səfəri zamanı mindən çox müqavilənin imzalanmasına nəzarət edərək qitə boyunca geniş səyahətlər edib.
Sərbəst ticarət sazişlərinin imzalanması Mərakeş iqtisadiyyatına əhəmiyyətli təsir edərək ixracatın artmasına, bazarın şaxələndirilməsinə və Mərakeş müəssisələrinin rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarıb. Sərbəst ticarət sazişləri sayəsində mal və xidmətlərin ixracı 2022-ci ildə 45%-ə qədər yüksəlib: 2000-ci ildə bu, 24% təşkil edirdi.
Mərakeş avtomobil sənayesi illik istehsalın 2023-cü ildə 700.000 vahidə çatması ilə nəzərəçarpacaq artım müşahidə edib. Aerokosmik sektor isə təxminən 20.000 işçisi, 140-dan çox şirkəti və 40%-lik inteqrasiya nisbəti ilə yüksək dəyərə malik sənaye sahəsidir. Bu gün bütün Boeing və Airbus təyyarələri Mərakeş istehsalı olan ən azı bir komponentə malikdir.
Turizm sektorunda da nəzərəçarpacaq artım müşahidə olunub, 90-cı illərin sonunda 2,5 milyon olan ziyarətçilərin sayı 2023-cü ildə 14,5 milyona çatıb. Mərakeşin idman çıxışları, xüsusən də Qətərdə keçirilən FİFA Dünya Kuboku zamanı nümayiş etdirdiyi uğur ölkənin cəlbediciliyini daha da artırıb. Növbəti illərdə Mərakeş 2025-ci il Afrika Millətlər Kuboku, 17 yaşadək qadınlar üçün FİFA Dünya Kubokunun növbəti beş buraxılışı və ən nəhayət, Portuqaliya və İspaniya ilə birlikdə 2030-cu il FİFA Dünya Kuboku da daxil olmaqla bir çox dünya səviyyəli futbol tədbirlərinə ev sahibliyi edəcək.
Əl-Qüds Komitəsinin sədri Əlahəzrət Kral VI Məhəmməd dünənki çıxışı zamanı fələstinli qardaşlarımızın yaşadığı faciəni xatırladıb. O, praktiki həll yolları, davamlı atəşkəsin əldə edilməsi və humanitar böhranın aradan qaldırılması üçün konstruktiv təşəbbüsləri dəstəkləməyə davam etməklə bağlı olan öhdəliyini yeniləyib: Qəzzadakı müharibə təcili olaraq dayandırılmalıdır, lakin bu, regionda ədalətli və davamlı sülh üçün siyasi perspektivlərin açılması ilə paralel şəkildə getməlidir. Fələstinlilər və israillilər arasında sülh danışıqlarının yenidən başladılması hər iki tərəfdən ekstremist təsirlərin qarşısını almağı tələb edir. Bölgədə həqiqi təhlükəsizlik və sabitlik yalnız Qəzzanın paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin ayrılmaz hissəsi olaraq qəbul edildiyi iki dövlətli həll yolu ilə əldə edilə bilər.
Azərbaycan hökuməti adından Mərakeş xalqını əlamətdar gün münasibəti ilə təbrike dən mədəniyyət naziri Adil Kərimli çıxışında deyib ki, Mərakeş qədim tarixi və zəngin mədəniyyəti ilə müasir inkişafın harmoniyasını təcəssüm etdirən ölkədir və Kral Əlahəzrət VI Məhəmmədin rəhbərliyi altında Mərakeş dövləti davamlı tərəqqi və rifah yolunda inamla irəliləyir.
Mərakeşin son illərdə turizm, avtomobil sənayesi, aerokosmik və bərpa olunan enerji kimi sahələrdə əldə etdiyi uğurlar təqdirəlayiqdir. Bu nailiyyətlər ölkənin iqtisadi potensialının və innovasiya yönümlü inkişaf strategiyasının göstəricisidir.
Azərbaycan və Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətləri 1991-ci ildə Mərakeşin Azərbaycanın müstəqilliyini tanıması ilə başlamış və 1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub.
1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mərakeşə səfəri zamanı Kral Əlahəzrət II Həsən ilə keçirdiyi görüş iki ölkə arasında möhkəm qardaşlıq bağlarının əsasını qoyub. Bu dostluq bağları Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd tərəfindən uğurla davam etdirilirərək yeni mərhələyə yüksəlib.
Azərbaycan və Mərakeş beynəlxalq hüququn təməli kimi hər zaman bir-birinin suverenliyi və ərazi bütövlüklərini dəstəkləyib. Bu gün ölkələrimiz arasında əməkdaşlıq həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir.
İkitərəfli əsaslarla əməkdaşlığımız çərçivəsində qarşılıqlı olaraq hökumət nümayəndələrinin səfərləri və 2007-ci ildə təsis edilmiş Hökumətlərarası İkitərəfli Əməkdaşlıq Kommissiyası əlaqələrin inkişafında xüsusi rol oynayır. 2023-cü ildə Rabatda keçirilən Komissiyanın II iclasında iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə edilib.
Bununla yanaşı, 2024-cü ilin 4 may tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu saziş, şübhəsiz ki, iki ölkə vətəndaşları arasında əlaqələrin güclənməsinə və bir çox sahələrdə, eləcə də, turizm sahəsində əməkdaşlığın inkişafına böyük təkan verəcəkdir.
Mərakeş Krallığı ilə ölkəmiz arasında mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində müxtəlif illərdə Mərakeş və Azərbaycanda keçirilmiş qarşılıqlı mədəniyyət günləri hər iki ölkədə xalqların zəngin mədəniyyəti ilə yaxından tanışlıq baxımından əhəmiyyətli olub.
Mərakeşdən gələn nümayəndə heyətləri mütəmadi olaraq Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, Beynəlxalq Humanitar Forum, eyni zamanda 2024-cü ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı Şuşada keçirilən “Xarı Bülbül” beynəlxalq musiqi festivalı və digər tədbirlərdə fəal iştirak etmişlər.
Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında səmərəli əməkdaşlığımız mövcuddur, bu münasibətlərimizin yüksək səviyyəsini səciyyələndirir və beynəlxalq təşkilatlar çərçivəsində daima qarşılıqlı dəstək nümayiş etdirilməsinə müsbət təsir göstərir.
Azərbaycan Respublikası, Mərakeş Krallığı ilə münasibətlərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir və siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi arzusundadır.
KARUSEL / SİYASƏT
Tarix: 31-07-2024, 10:37