Səfir: "Ölkələrimiz müxtəlif beynəlxalq forumlarda bir-birini ardıcıl olaraq dəstəkləyib"
"Ötən il ərzində ikitərəfli münasibətlərimiz bu münasibətləri növbəti səviyyəyə yüksəltmək üçün birgə öhdəliyimizi əks etdirən əlamətdar inkişafın şahidi olub".
Reportyor.az xəbər verir ki, bunu Mərakeş Kralı VI Məhəmmədin hakimiyyətinin 25 illiyi - Gümüş Yubileyinin qeyd olunması münasibətilə krallığın Azərbaycandakı Səfirliyinin keçirdiyi rəsmi qəbulda səfir Adil Embaş deyib.
Diplomat deyib ki, yüksək səviyyəli səfərlərin mübadiləsi əhəmiyyətli dərəcədə artıb və şaxələndirilib. Ötən ilin noyabrında XİN başçısı Ceyhun Bayramov Mərakeşə rəsmi səfərə gedib və həmkarı nazir Nasser Burita ilə birlikdə ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyaya və Birinci Mərakeş-Azərbaycan İşgüzar Şurasına həmsədrlik edib. Bu tədbirlər zamanı bir neçə saziş imzalanıb.
Həmçinin, Milli Məclisin Sədri Sahibə Qafarovanın Mərakeşə səfəri olub ki, bu da parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə böyük töhfə verib.
Ölkələrimiz müxtəlif beynəlxalq forumlarda bir-birini ardıcıl olaraq dəstəkləyib, həmrəyliyimizi, sülh və sabitliyə ortaq baxışımızı nümayiş etdirib: "Fürsətdən istifadə edərək Sahara məsələsi ilə bağlı Mərakeşin ərazi bütövlüyünə göstərdikləri sarsılmaz dəstəyə görə Azərbaycanın iqtidar nümayəndələrinə minnətdarlığımı bildirmək istəyirəm".
2023-cü ildən 2024-cü ilə qədər ölkələrimiz arasındakı turizm göstəricilərində 90%-dən çox artım müşahidə edilib. Bu tendensiyanı təşviq etmək üçün hər iki ölkə adi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalayıb. Bu saziş bir neçə həftə ərzində qüvvəyə minəcək: "Bu səbəbdən hamınızı növbəti tətilinizi Mərakeşdə keçirməyi planlaşdırmağa dəvət edirəm".
KARUSEL / SİYASƏT
Tarix: 31-07-2024, 10:02