Bu günədək BTC boru kəmərilə 576 milyon ton xam neft nəql edilib
Cari ilin birinci yarısında “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə təxminən 70,5 milyon dollar, əsaslı xərclərə isə 17,7 milyon dollar vəsait xərclənib.
Bu barədə BP-nin cari ilin birinci yarımilinin yekun hesabatında qeyd edilib. 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunan təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənib və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır.
Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-08-2024, 14:49