"Müstəqillik konsertində rusiyalılar oxuyacaq, istəməyən konsertə gəlməsin" - Qırğızıstan naziri
Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov deyib ki, avqustun 31-də Bişkekin Ala-Too meydanında keçiriləcək müstəqillik günü konsertində Rusiya müğənniləri də iştirak edəcəklər.
Bu barədə "Azadlıq Radiosu" xəbər verir. Nazirin sözlərinə görə Rusiya ifaçıları öz təşəbbüsləri ilə Bişkekə gəlmək və Qara-Qırğız muxtar vilayətinin 100 illiyi və Qırğızıstan Respublikasının müstəqilliyi günündə konsertdə çıxış etmək qərarına gəliblər:
“İndi Facebook-da və ya başqa sosial şəbəkələrdə oturanlar deyirlər: “Qoy bu müğənni gəlsin, amma o müğənni gəlməsin. Biz ona qulaq asmayacağıq”. Belələrinə demək istəyirəm: “Bu, bayram tədbiridir. Biz heç kimi konsertə güclə gətirib kiməsə qulaq asmağa məcbur edən deyilik. Qulaq asmaq istəməyənlər gəlməyə bilərlər. Çoxluq bu xəbəri şadlıqla qarşılayır. Azlıq çoxluğa tabedir”.
Nazirin sözlərinə görə əgər Qırğızıstan dövlətinin nüfuzu olmasaydı, hansı müğənni bura gəlib çıxışını hədiyyə edərdi?
Maksutovun bu müsahibəsindən əvvəl sosial media istifadəçiləri Rusiya müğənnilərinin Qırğızıstana gəlişindən narazılıq ifadə etmişdilər. Onlar bunun əvəzində yerli müğənnilərin çıxış etməsini istəyirdilər.
KARUSEL / DÜNYA
Tarix: 28-08-2024, 10:22