Keniyada internat məktəbində baş verən yanğında azı 17 şagird ölüb
Keniyanın mərkəzindəki internat məktəbinin yataqxanasında baş verən yanğın nəticəsində azı 17 şagird həlak olub, daha 13 tələbə isə ağır yanıq xəsarətləri alıb.
Al Jazeera xəbər verir ki, Nyeri əyalətindəki Hillside Endarasha İbtidai məktəbində baş verən fəlakətdən sonra polis, sağ qalanların xəstəxanalarda müalicə olunduğu üçün ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Qurbanların şəxsiyyətləri və yaşları barədə dərhal məlumat verilməsə də, əksəriyyətinin uşaq olduğu bildirilir.
İbtidai məktəb 5-12 yaş arası 800-ə yaxın şagirdi əhatə edir. Yanğının səbəbinin araşdırıldığını deyən polis sözçüsü Resila Onyanqo lazımi tədbirin görüləcəyini bildirib. Əlavə edib ki, hadisə yerindən çıxarılan cəsədlər tanınmayacaq dərəcədə yanıb.
Prezident Uilyam Ruto xəbəri “fəlakət” adlandırıb və cavabdehlərə qarşı tədbir görüləcəyini bildirib: "Mən aidiyyatı orqanlara bu dəhşətli hadisəni hərtərəfli araşdırmağı tapşırıram. Məsul şəxslər cavab verəcəklər”.
Rutonun müavini Riqathi Qaçaqua məktəb rəhbərlərini Təhsil Nazirliyinin internat məktəbləri üçün tövsiyə etdiyi təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməyə çağırıb.
KARUSEL / DÜNYA
Tarix: 6-09-2024, 11:20