mobil versiya

İordaniya sərhəd qüvvələri Suriya sərhədində silahlı qaçaqmalçılarla toqquşub




İordaniya sərhəd qüvvələri cümə axşamı Suriyanın şimal sərhədindən İordaniyaya keçməyə cəhd edən silahlı qaçaqmalçı qruplarla toqquşub. Toqquşmalar nəticəsində 4 qaçaqmalçı həlak olub, qalan şəxslər isə Suriya ərazisinə çəkilib.

Reportyor.az xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Açıqlamaya görə, qaçaqmalçılar əlverişsiz hava şəraitindən və sıx dumandan istifadə edərək sərhədi keçməyə cəhd ediblər, lakin İordaniya qüvvələri onların sızmasının qarşısını almaq üçün döyüş qaydaları tətbiq edib.

Silahlı qüvvələrdən bildiriblər ki, külli miqdarda narkotik vasitə və silah-sursat götürülərək aidiyyəti üzrə təhvil verilib.

Müsadirə edilən narkotiklərin miqdarı açıqlanmayıb.

Yanvar ayında İordaniya və Suriya sərhədlərinin təhlükəsizliyini təmin etmək, silah və narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq və İŞİD yaraqlılarının dirçəlməsinin qarşısını almaq üçün birgə təhlükəsizlik komitəsi yaratmaq barədə razılığa gəliblər.

Qərb anti-narkotik rəsmiləri Captagon kimi tanınan asılılıq yaradan amfetamin tipli stimulyatorun illərdir Suriyada kütləvi istehsal edildiyini və İordaniyanın neft hasil edən Körfəz ölkələrinə tranzit marşrut olduğunu deyir.

İordaniya ordusu 2023-cü ildən bəri Suriyada bir neçə qabaqlayıcı hava hücumu həyata keçirib və İordaniya rəsmilərinin dediyinə görə, narkotik ticarəti ilə əlaqədə ittiham olunan milisləri, eləcə də milislərin obyektlərini hədəf alıblar.
KARUSEL / DÜNYA
Tarix: 6-03-2025, 12:21