mobil versiya

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub






Ötən gün Heydər Əliyev Sarayında “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Reportyor.az xəbər verir ki, Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədi daşıyan ənənəvi festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşir. 

İyunun 22-dək davam edəcək festivala Azərbaycan Milli Konservatoriyası da təşkilati dəstək verir.

Builki festivala Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə – ümumilikdə 25-dən çox ölkədən 200-dən artıq ifaçı, tədqiqatçı və qonaq qatılıb.
Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və elm xadimləri, müsabiqədə təmsil olunan ölkələrin nümayəndələri iştirak ediblər.



Gecənin aparıcıları muğam sənətinin tarixi və inkişaf mərhələləri haqqında məlumat veriblər. 
Sonra festivalın “Bayatı” adlı möhtəşəm qala konserti təqdim edilib.
Azərbaycan, Türkiyə, Mərakeş/İspaniya, İraq/BƏƏ, Özbəkistan/Tacikistan, Qazaxıstan/Kanada, Hindistan və Monqolustandan olan ifaçı və kollektivlərin etnik-mədəni zənginlikləri ilə yaddaşlara yazılan çıxışları dinlənilib.
Qala konsert Xalq artisti Alim Qasımov və qrupunun ifasında "Muğamat var olan yerdə..." adlı musiqi nömrəsi ilə başa çatıb. Bütün ifalar tamaşaçıların  alqışları ilə qarşılanıb.

“Muğam aləmi” festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların iştirakı ilə muğam müsabiqəsi keçiriləcək. 
Festivalın proqramına XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı və “Muğam 12” musiqi marafonu da daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq. 
Müsabiqənin bağlanış mərasimi isə muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-06-2025, 09:45