Avropada 10 mindən çox hotel “Booking.com”a qarşı məhkəməyə müraciət edib

Dünyanın aparıcı onlayn səyahət platforması olan “Booking.com” turizm tarixində ən böyük kollektiv iddialardan biri ilə qarşılaşıb.
Bu barədə Avropa Hotellər, Restoranlar və Kafelər Birliyi (HOTREC) məlumat yayıb.
Avropanın müxtəlif ölkələrində olan 10 mindən çox hotel “Booking.com”a qarşı məhkəmə iddiası qaldırıb. Hotellərin təmsilçiləri 20 il ərzində tətbiq edilmiş ədalətsiz şərtlər və yüksək komissiya haqlarına görə təzminat tələb edirlər. Şikayətlərə əsas səbəb Avropa Ədalət Məhkəsinin 2024-cü ilin payızında qəbul etdiyi qərarla bağlıdır. Həmin qərarda “Booking.com”un hotellərlə bağladığı və onlara öz rəsmi veb-saytlarında və digər şəbəkələrdə daha ucuz qiymət təklifini qadağan edən “ən yaxşı qiymət maddələri”nin rəqabət hüququna zidd olduğu bildirilmişdi. Qeyd olunub ki, bu şərtlər illərlə hotellərin qiymət azadlığını məhdudlaşdırıb və birbaşa satışların azalmasına səbəb olub. İddiaçılar 2004–2024-cü illərdə milyonlarla avro dəyərində maliyyə itkiləri ilə üzləşdiklərini qeyd edirlər.
Kollektiv məhkəmə iddiası “Booking.com”un qeydiyyatda olduğu Niderlandda araşdırılır və bu proses “Hotel Claims Alliance” tərəfindən koordinasiya olunur. İddia HOTREC ilə yanaşı, Avropanın 30-dan çox milli hotel assosiasiyası, o cümlədən Almaniya Hotellər Assosiasiyası (IHA) tərəfindən də dəstəklənir. HOTREC kollektiv iddiaya qoşulmaq istəyən hotellər üçün son müraciət tarixini avqustun 29-dək uzadıb.
Tənqidlərə baxmayaraq, “Booking.com” bir çox hotel üçün vacib satış platforması olaraq qalır. Çünki hotellər bu platforma vasitəsilə milyonlarla müştəriyə çıxış imkanı əldə edir. Araşdırmalara görə, “Booking.com”un sahibi olan “Booking Holdings” şirkətinin 2023-cü ildə Avropadakı bazar payı 71 faiz, Almaniyada isə 72,3 faiz təşkil edib. Eyni dövrdə Almaniyada birbaşa rezervasiyaların payı 8 faiz azalaraq hotellərin onlayn platformalardan asılılığını daha da artırıb.
Qeyd edək ki, “Booking.com” və oxşar platformalar qlobal səyahət sektorunda inqilabi dəyişikliklərə səbəb olub. Lakin bir sıra ekspertlər bu platformaların ən parlaq dövrlərinin artıq geridə qaldığını iddia edirlər. (Azərtac)
KARUSEL / DÜNYA
Tarix: 4-08-2025, 09:00