Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasıyası dövlət orqanlarına müraciət edib

Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasıyası internet resurslarında geniş şəkildə fəaliyyət göstərən və reklam olunan tanışlıq proqramları və tətbiqləri ilə bağlı dövlət orqanlarına müraciət edib:
Reportyor.az həmin müraciəti təqdim edir.
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində məsul qurumlara
Biz, Azərbaycanda fəaliyyət göstərən İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzv təşkilatları olaraq, internet resurslarında geniş şəkildə fəaliyyət göstərən və reklam olunan tanışlıq proqramları və tətbiqləri ilə bağlı ciddi narahatlığımızı bildiririk.
Söhbət ənənəvi sosial şəbəkələrdən deyil, yalnız tanışlıq məqsədilə yaradılmış və anonim ünsiyyətə şərait yaradan rəqəmsal platformalardan gedir. Araşdırmalar və ilkin monitorinqlərimiz göstərir ki, bu tip tətbiq və platformalar əxlaqsızlıq halları, cinsi istismar, hədə-qorxu, şəxsi məlumatların oğurlanması və daha da təhlükəlisi - insan alverinin rəqəmsal müstəvidə yeni formalarının yayılması üçün münbit zəmin yaradır.
Bu platformalarda, xüsusilə yeniyetmə və gənclərin iştirakı ilə ciddi təhlükəli davranış modelləri formalaşmaqdadır və bu, Azərbaycan Respublikasının milli təhlükəsizliyi, ictimai əxlaqı və insan hüquqları baxımından ciddi risklər daşıyır.
Biz , bu tətbiqlər vasitəsilə:
• Cinsi istismar hallarının təşviqi,
• Yalan və manipulyativ məlumatlar əsasında tələyə salınma,
• Məcburi fahişəliyə və ya insan alverinə cəlbetmə,
• Gənclərin və qadınların psixoloji və fiziki təhlükə ilə qarşılaşması hallarına rast gəlinməsindən narahatıq.
Qeyd olunan təhlükələri nəzərə alaraq İnformasiya və kommunikasiya texnologiyaları sahəsində səlahiyyətli dövlət orqanlarını və platformaları tənzimləyən qurumları bu çağırışa cavab verməyə və aşağıdakı tədbirləri həyata keçirməyə çağırırıq:
1. Tanışlıq məqsədilə fəaliyyət göstərən, lakin təhlükə mənbəyi olan tətbiqlərin milli qanunvericilik əsasında qiymətləndirilməsi və risk analizi aparılsın;
2. İnsan alverinin rəqəmsal müstəvidə aşkarlanması və qarşısının alınması məqsədilə bu platformalarda monitorinq gücləndirilsin;
3. Mütəxəssislərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə təhlükə mənbəyi hesab edilən platformaların fəaliyyətinə hüquqi qiymət verilsin və zərurət yaranarsa, bu tətbiqlərə ölkə daxilində məhdudiyyət qoyulsun və ya bloklansın.
Sizi bu sahədə məsuliyyətli qərarlar verməyə və insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin səsinə səs verməyə çağırırıq.
Hörmətlə,
Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 18:07