Ölkədə hazırda 9 pasiyent periton dializ müalicəsi alır

Hazırda ölkədə 9 pasiyent periton dializ müalicəsi alır və bu metod müəyyən klinik göstərişlər üzrə hemodializə alternativ kimi tətbiq edilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Periton dializ böyrək çatışmazlığı olan xəstələrdə qanın zərərli maddələrdən təmizlənməsi və bədəndəki maye balansının tənzimlənməsi üçün xəstələrin dializlərini özlərinin həyata keçirməsi üçün bir üsuldur. Periton dializ üsulunda dializ prosesi xəstənin qarnına yerləşdirilən xüsusi bir kateter vasitəsilə mümkün olur.
Bildirilib ki, hazırda Azərbaycanda TƏBİB tabeliyində olan 47 hemodializ mərkəzi fəaliyyət göstərir və xəstələrə göstərilən tibbi xidmətlər “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və müvafiq klinik protokollar əsasında həyata keçirilir. Aparılan monitorinq və analizlər nəticəsində müəyyən edilib ki, Azərbaycanda dövlət tibb müəssisələrində hemodializ xidməti alan xəstələrin təxminən 30–35 %-i şəkərli diabet fonunda inkişaf etmiş böyrək zədələnməsi (diabetik nefropatiya) nəticəsində dializ müalicəsinə cəlb olunub. Hemodializ müalicəsinə qoşulmaq üçün pasiyentlər yaşayış yerinə ən yaxın hemodializ mərkəzinə yönləndirilir.
Qeyd edilib ki, 2025-ci il ərzində İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 100-ə yaxın pasiyentə böyrək transplantasiyası əməliyyatı həyata keçirilib. Bu cərrahi müdaxilə dializdən çıxma və həyat keyfiyyətinin bərpası üçün mühüm addımdır.
Hemodializ alan xəstələrin bir hissəsinə əlillik dərəcəsinin verilməsi nəticəsində onlar Nazirlər Kabinetinin 406 nömrəli qərarı əsasında imtiyazlı qaydada dərman preparatları ilə təmin olunurlar. Bu yanaşma müalicənin davamlılığını və xəstələrin sosial müdafiəsini gücləndirir.
Dünya üzrə epidemioloji araşdırmalara əsasən xroniki böyrək xəstəliyinin (XBX) yayılması ümumi populyasiyanın təxminən 10-12 %-ni təşkil edir. Xəstəliyin erkən mərhələləri çox vaxt simptomsuz keçdiyinə görə pasiyentlər adətən 3-4-cü mərhələdə aşkarlanırlar, terminal böyrək çatışmazlığı isə əsasən 5-ci mərhələdə formalaşır və dializ müalicəsinə ehtiyac yaranır. Bu hallar qlobal şəkildə erkən aşkarlanmanın və profilaktik monitorinqin vacibliyini önə çıxarır. (Azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-12-2025, 14:02



























