mobil versiya

Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir - SN



Azərbaycanda digər ölkələrdə olduğu kimi, transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir.


Bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, bu, əsasən böyrək çatışmazlığından əziyyət çəkən insanların sayının yüksək olması ilə əlaqədardır:
“Böyrək çatışmazlığı qanda yığılmış zəhərli maddələrin və mayelərin lazımi şəkildə xaric olunmaması nəticəsində yaranır. Bu da orqanizmin ciddi zədələnməsi, hətta ölümə səbəb ola bilər. Bu xəstələrin həyat keyfiyyətini artırmaq üçün böyrək transplantasiyası yeganə effektiv müalicə üsuludur”.

Y.Abbasova bildirib ki, hazırda Azərbaycanda 4000-ə yaxın insan dializ alır:“Bu insanların həyat keyfiyyətini artırmaq üçün böyrək transplantasiyasına ehtiyac var, çünki böyrək transplantasiyası onların həyatını xilas edə bilər. Buna görə də, böyrək donoru tapmaq böyük əhəmiyyət kəsb edir və bu, Mərkəzə müraciətlərin böyük hissəsini təşkil edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülməsi əməliyyatı icra olunub. 21 nəfərə sümük iliyi, 49 nəfərə gözün buynuz qişası köçürülüb: Bütün rəqəmlər keçən illə müqayisədə artıb.



SAĞLAMLIQ / KARUSEL
Tarix: 4-09-2024, 15:48