mobil versiya

Səfir: Küveyt və Azərbaycan beynəlxalq arenada qarşılıqlı namizədlikləri dəstəkləyir


Küveytin Dövlət müstəqilliyinin 65-ci, işğaldan azad olunmasının 35-ci ildönümləri münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Tədbirdə çıxış edən Küveytin Azərbaycandakı səfiri Məhəmməd Feysal əl-Mutairi iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrdən danışıb: "Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, Küveyt Dövləti və  Azərbaycan Respublikası arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur. 
Bu minvalla diqqətinizə çatdırmaq istərdim ki, 14 fevral 2025-ci il tarixndə Küveyt Dövlətində iki ölkənin xarici işlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ilk iclası keçirilmiş və nəticələri çox səmərəli olub".

Ötən il ərzində ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verən digər əlamətdar hadisə aprel ayında Küveytdə Xarici İşlər nazirlərinin rəhbərlik etdiyi Əməkdaşlıq üçün Birgə Komissiyanın üçüncü iclasının keçirilməsi olub. Bu mühüm tədbir hər iki dost ölkənin rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanmış və əldə olunan müsbət nəticələr komissiyanın fəaliyyətinin gücləndirilməsinə olan inamını daha da möhkəmləndirib. Belə ki, qeyd olunan iclas çərçivəsində iclasın yekunlarına dair birgə bəyannamə və 2025-2027-ci illəri əhatə edən əməkdaşlıq üzrə müştərək yol xəritəsi qəbul olunub. Həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsi, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramları imzalanmış və iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilmişdir. Habelə komissiyanın növbəti dördüncü iclasının 2027-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Ötən il ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi istiqamətində bir sıra qarşılıqlı rəsmi səfərlər də həyata keçirilib. Bu səfərlərdən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytə səfərində iki səfər əsnasında Küveytdə iqtisadi, ticarət və investisiya sahələri üzrə bir sıra məsul şəxslərlə səmərəli görüşlər keçirilmişdir. Küveyt tərəfindən isə Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Baharın Ərəb Koordinasiya Qrupunun nümayəndə heyəti ilə birgə Bakıya səfəri baş tutmuşdur. Səfər çərçivəsində keçirilən görüşlərdə Azəraycanla Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb dövlətləri arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilmşdir.
Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, Küveyt Dövləti bu il Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal şəkildə iştirak edəcəkdir. Bu  mühüm tədbirin burada keçirilməsi Azərbaycanın regional və beynəlxalq müstəvidə özünəməxsus yeri və rolu olduğunu bir daha sübut edir.

Turizm sahəsindəki əlaqələrə nəzər salsaq son illərdə Küveytdən Azərbaycana turist axınının böyük sürətlə artdığını müşahidə edə bilərik. Belə ki, hər il Azərbaycana gələn küveytli turistlərin sayı illik 30 min nəfəri ötür. Əlavə etmək istərdim ki, hal-hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir.

Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə toxunaraq bildirmək istərdim ki, tələbə və təcrübə mübadiləsi, ortaq təhsil proqramlarının həyata keçirilməsi, universitetlər arasında əlaqələrin qurulması və s. yollarla bu əməkdaşlığı inkişaf etdirmək mümkündür. Bununla əlaqədar olaraq, ölkələrimizin bir-birinə yaxınlaşmasında təhsilin rolu və əhəmiyyətinə olan inamından çıxış edərək, Küveyt Dövləti Küveyt Universiteti nəzdində faəliyyət göstərən Dil Tədris Mərkəzində ərəb dilinin tədrisi ilə bağlı Azərbaycan vətəndaşlarına hər il yeddi vakant yer ayırır.



Azərbaycan hökuməti adından Küveyt xalqını və dövlətini təbrik edən xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan–Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını, diplomatik əlaqələrin qurulduğu dövrdən bəri davamlı inkişaf etdiyini vurğulayıb.

E.Məmmədov işgal dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyü və süverenliyinin bərpasına verdiyi dəstəyin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. 
O, son illər yüksəksəviyyəli səfərlərin, Birgə Komissiyanın iclaslarının, siyasi məsləhətləşmələrin və turizm əlaqələrinin genişlənməsinin əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını vurğulayıb.



Rəsmi hissənin sonunda Küveyt Dövlətinin səfiri tərəfindən xatirə hədiyyəsi təqdim olunub.




Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: 12-02-2026, 20:13