mobil versiya

Baklda ekofeminist nəzəriyyəsinə əsaslanan Sinxronlaşma sərgisi


Gazelli Art House-da ekofeminist nəzəriyyəsinə əsaslanan Sinxronlaşma adlı qrup sərgisi keçirilib

Ekspozisiya Latviyanın Bakıdakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.

Sərgi qadın bədəni ilə təbiət arasındakı ahəngi müasir incəsənətin ifadə imkanları vasitəsilə araşdırır, ekoloji 
məsələləri müxtəlif vizual yanaşmalarla mənalandırır və ekofeminizm üçün əsas olan “bədən – ekosistem” 
münasibətinə yeni baxış təqdim edir.


Ekspozisiya təbiətin ritmlərini və bədənin daxili dinamikasını bir araya gətirərək onların bədii müstəvidə necə vəhdət təşkil etdiyini üzə çıxarır. Sərginin konseptual xətti Steysi Alaymonun bədən və ekosistemin qarşılıqlı nüfuzunu irəli sürən transkorporal nəzəriyyəsinə əsaslanır. Bu baxışa görə, bədən sabit bir varlıq deyil, atmosfer, su və torpaqla maddi mübadiləyə daim cəlb olunan keçirici bir prosesdir. Qadın bədəni bu mübadilənin ritmik izlərini daşıyır: menstruasiya, 
doğum və transformasiya kimi mərhələlər Ayın dövrləri və mövsümi dəyişikliklərlə üzvi bir dialoq yaradır. 
Ekoloji böhran da məhz bu təbii ritmlərdə – incə, lakin hiss olunan fiziki və emosional dalğalanmalarda özünü göstərir. Beləcə, qadın bədəni təbiətin həm müdrikliyini, həm də yaralarını özündə saxlayan ekoloji yaddaşın və kollektiv şəfa prosesinin canlı arxivinə çevrilir.


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kuyundziç çıxış edərək deyib ki, Aİ gender bərabərliyi və ətraf mühitin mühafizəsi məsələlərinə böyük əhəmiyyət verir.
"Biz ekologiya sahəsində çox işləyirik və təbiətin qorunmasına xüsusi diqqət yetiririk. Lakin bu iki mövzunu - qadınları və təbiəti həmişə əlaqələndirmirik. Halbuki rəssamların mesajlarına diqqət yetirmək vacibdir, çünki onlar müəyyən mənada cəmiyyətdə baş verənlərin və ya baş verəcəklərin carçısına çevrilirlər".

Latviyanın Bakıdakı səfiri Edqars Skuya öz işlərini təqdim edən bütün iştirakçılara təşəkkürünü bildirərək qaldırılan mövzuların - qadınların rolu və təbiətə qayğılı münasibətin əhəmiyyətinə diqqət çəkib.


Fidan Abilova qadın vücudunu həm bioloji, həm də planetar qidalandırıcı qüvvə kimi təqdim edir. Onun fotolarında qadın və təbiət arasında dialoq yaranır; monoxrom fiqurlar torpaq və su ilə birləşərək doğum, itki və yaddaşın poetik dilini yaradır.
Jalə Əziz vücudun təbiətlə sinxronlaşmasını tekstil ritmləri və spiralvari qatlar vasitəsilə vizuallaşdırır. Onun əsərlərində dairəvi modullar menstruasiya dövrləri, Ay fazaları və mövsümlərin dəyişməsi arasındakı qarşılıqlı əlaqələri simvolizə edir, bədənin və təbiətin paralel ritmləri arasında bədii dialoq formalaşdırır.

Qeyd edək ki, "Synchrony" sərgisi dekabrın 6-da başlayıb və fevralın 28-dək davam edəcək.





Reportyor.az 

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 20:04