“Meşənin pıçıltısı — səsin sehri” adlı unikal incəsənət sərgisinin növbəti dəfə açılışı olub

Latviyanın Azərbaycandakı Səfirliyi "Gazelli Art House" qalareyasında növbəti dəfə rəssam Elnarə Nəsirlinin iki ölkə arasında zəngin biomüxtəlifliyinə həsr olunmuş “Meşənin pıçıltısı — səsin sehri” adlı unikal incəsənət sərgisinin açılışını keçirib.
Reportyor.az xəbər verir ki, “Meşənin Pıçıltısı” incəsənət, texnologiya və ətraf mühit dialoqunu özündə mükəmməl şəkildə birləşdirən xüsusi bir instalyasıyadır. Bu geniş instalyasiya Azərbaycan və Latviyadan gətirilmiş ağac nümunələrindən ibarətdir.
“Meşənin Pıçıltısı” varlığımızı dəstəkləyən görünməz sistemlər haqqında daha dərindən dərk etməyə təşviq edir və insanı texnologiya və təbiətin birgə yaşayışı haqqında düşünməyə sövq edir.
Ekspozisiyanın yaradılmasında yerli bitki növlərinin səsləri əsasında yaradılmış musiqi də daxil olmaqla innovativ səs texnologiyalarından istifadə olunub.

Tədbirin bədii koordinasiyası Azərbaycan Respublikasının əməkdar rəssamı Sabina Şıxlinskaya məxsusdur. O, çıxışında dedi ki, bu ekspozisiyanın unikallığı ondan ibarətdir ki, hamı qurudulmuş bitki və ağaclarının səslərini eşidə biləcək.
Səs ekspozisiyası ilə yanaşı, əvvəllər Bakıda COP29-da təqdim olunmuş gələcəyin ekoloji texnologiyasının konsepsiyası da nümayiş etdirilib.

Rəssam Elnarə Nəsirlinin sözlərinə görə, konsepsiya ağacların məhv olduğu antiutopik gələcəyi təsvir edir. Bu gələcəkdə hər bir insan karbon vergisi ödəməli - oksigen istehlakı və CO2-nin udulması üçün kvotaya malik olmalı, həmçinin havanı təmizləyən cihaz almalı və ya yaratmalıdır.
Xatırladaq ki,, ekspozisiya ilk dəfə noyabrın 7-də təqdim edilib. Sərgini COP29 konfransı çərçivəsində Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, həmçinin Latviyanın kənd təsərrüfatı və iqlim nazirləri ziyarət ediblər.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-01-2025, 20:12