mobil versiya

Hindistan ilk çip yığma müəssisəsini açıb






Hindistan ötın həftə ilk yarımkeçirici yığma və sınaq müəssisəsini açıb.

Yerli mediaya görə, bu da hökumətin xarici çip istehsalçılarından asılılığı azaltmaq və Çinin dominantlıq etdiyi sektorda pay sahibi olmaq səylərində bir mərhələdir.

Baş nazir Narendra Modi ABŞ-ın Micron Technology şirkətinin Yarımkeçirici Yığım, Sınaq və Qablaşdırma bölməsini doğma ştatı Qucaratda açaraq Hindistanın texnologiya ambisiyaları üçün yeni bir dövrün başlanğıcını qeyd etdi.

Modi rəsmi YouTube kanalında yayımlanan tədbirdə bildirib ki, gənc hindlilər gələcəyə baxanda bu onilliyi texnoloji gələcəyimizdə dönüş nöqtəsi kimi görəcəklər.

Zavod Micron-un qlobal şəbəkəsindən qabaqcıl yarımkeçirici lövhələri hazır yaddaş və saxlama məhsullarına çevirəcək.

Hindistanın yarımkeçirici bazarı 2023-cü ildəki 38 milyard dollardan 2024-25-ci illərdə təxminən 45-50 milyard dollara qədər genişlənib və hökumətin 2030-cu ilə qədər 110 milyard dollara çatmaq hədəfləri var.

Nyu Dehli hazırda Noida və Benqaluru şəhərlərində iki qabaqcıl 3 nanometrlik dizayn müəssisəsi də daxil olmaqla, 18 milyard dollardan çox dəyərində 10 çip layihəsi hazırlayır.

Modi ən azı üç digər yarımkeçirici layihənin tezliklə istehsala başlayacağını bildirib.

"Proqram təminatı ilə tanınan Hindistan hazırda aparat təminatı sahəsində də öz kimliyini qurur", - deyə o bildirib.

Baş nazir bu işə salınmanı Vaşinqtonla texnoloji əməkdaşlığın dərinləşməsi ilə əlaqələndirərək, Hindistanın süni intellekt, vacib minerallar və təchizat zənciri təhlükəsizliyinə yönəlmiş ABŞ-ın rəhbərlik etdiyi Pax Silica alyansına daxil olmasını qeyd edib - Çinin əhəmiyyətli dərəcədə təsir göstərdiyi sahələr.

"Bütün dünya bəşəriyyətin gələcəyi üçün vacib olan bu təchizat zəncirlərini təmin etmək istəyir", - deyə Modi bildirib.

ABŞ-ın Hindistandakı səfiri Serxio Qor açılışın "Hindistanın qlobal yarımkeçirici təchizat zəncirinə istehsalçı ölkə kimi daxil olmasını" qeyd etdiyini bildirib.

"Bu, yalnız başlanğıcdır", Qor deyib.

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-03-2026, 10:36