Təcavüz qarşısında sükut: Bütün millətlərin gələcəyinə yönəlmiş təhdid

“Müasir dünyada təhlükəsizlik və sabitlik artıq yalnız bir ölkənin sərhədləri ilə məhdudlaşan anlayışlar deyil. Bir bölgədə baş verən siyasi, hərbi və iqtisadi proseslər sürətlə dünyanın digər nöqtələrinə də təsir edə bilir. Məhz bu səbəbdən, millətlərin və dünya ictimai rəyinin müharibə və münaqişələrə münasibəti müstəsna əhəmiyyət kəsb edir. Təcavüz, hərbi müdaxilə və ya işğalçı siyasətlər qarşısında nümayiş etdirilən sükut, tədricən həmin davranışların dünyanın digər bölgələrində də geniş vüsət almasına zəmin yaradır”.
Bu barədə İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin yerli mediaya yollladığı məqalədə deyilir.
Qeyd edilib ki, son illər beynəlxalq birliyin Amerikanın zorakılığına və İsrailin cinayətlərini dəstəkləmək naminə beynəlxalq hüquq prinsiplərini ayaq altına almasına qarşı sükutu, ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü ilə nəticələnib. Lakin budəfəki gərginliklər nəinki Yaxın Şərq regionunun xalqları, həm də bir çox digər ölkələr üçün ciddi narahatlıqlar doğurub. Müşahidə olunduğu kimi, bu bölgədə münaqişələrin genişlənməsi onun sərhədlərindən kənara çıxan fəsadlara yol açıb, qlobal təhlükəsizliyi, xüsusilə də enerji və ərzaq təhlükəsizliyini yeni çağırışlarla üz-üzə qoyub.
“Beynəlxalq münasibətlər tarixi dəfələrlə sübut edib ki, təcavüzkar və ya müdaxiləçi hərəkətlər beynəlxalq birlik tərəfindən ciddi reaksiya ilə qarşılanmadıqda, onların təkrarlanma və genişlənmə ehtimalı artır. Əslində, bir böhran qarşısında sükut etmək, qeyri-iradi olaraq həmin vəziyyəti qəbul etmək kimi yozula bilər. Bu səbəbdən, bir çox siyasi mütəfəkkirlər hesab edirlər ki, ölkələrin suverenliyinə hörmət, sülhün qorunması və ixtilafların dinc yolla həlli kimi prinsiplərin müdafiəsi bütün millətlərin müştərək məsuliyyəti olmalıdır.
Əgər beynəlxalq birlik Amerikanın dünyanın müxtəlif yerlərində gərginliyin artmasına səbəb olan zorakılığına və birtərəfli siyasətinə qarşı laqeyd qalarsa, hərbi təzyiq və təhdiddən ixtilafların həlli vasitəsi kimi istifadə edilməsi modelinin beynəlxalq münasibətlərdə adi bir hala çevrilməsi təhlükəsi yaranar. Belə bir tendensiya gələcəkdə nəinki konkret bir ölkənin, həm də bir çox dövlətlərin təhlükəsizliyini təhdid edəcək. Bu gün hədəf İran ola bilər, lakin şübhəsiz ki, sabah eyni yanaşma digər ölkələrə qarşı da tətbiq olunacaq”, - məqalədə deyilir.
Bildirilir ki, elə bu səbəbdən dövlətlər arasındakı problemlər və ixtilaflar təhdid, təzyiq və ya müharibə yolu ilə deyil, diplomatiya və danışıqlar vasitəsilə həll edilməlidir. Keçmiş müharibələrin acı təcrübələri göstərib ki, hərbi münaqişələr problemləri həll etmir, əksinə, daha böyük və daha uzunmüddətli böhranlara yol açır.
“Buna görə də, hamı üçün sülh, sabitlik və asayişin bərqərar olunmasında dünya ictimai rəyinin rolu olduqca mühümdür. Dünya xalqları müharibə və qeyri-sabitliyə qarşı həssas olduqda, sülh və dialoq tələb etdikdə, dövlətlər də gərginlik yaradan siyasətlər əvəzinə diplomatik həll yolları axtarmağa daha çox məcbur olurlar. Vətəndaşların məlumatlılığı və məsuliyyət hissi qlobal sülhün qorunmasında mühüm amilə çevrilə bilər. Əgər bu gün artan böhranlara qarşı laqeyd qalsaq, sabah dünyanın başqa nöqtələrində onun fəsadları ilə qarşılaşa bilərik” deyə qeyd olunan məqalədə bildirilir ki, nəticə etbarilə, müasir dünyanın taleyi hər zamankından daha çox bütün ölkələrin maraqları ilə sıx bağlıdır.
“Bu səbəbdən cəmiyyətimiz üçün daha təhlükəsiz bir gələcəyin qurulması millətlərin və dövlətlərin ixtilafları əməkdaşlıq və qarşılıqlı hörmət əsasında dinc yolla həll etmək üçün ortaq anlaşmasına ehtiyac duyur. Sülhü, ədaləti və millətlərin hüquqlarını müdafiə etmək hər bir insanın üzərinə düşən mənəvi borcdur. O günün ümidi ilə”, - məqalə yazılır.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-03-2026, 12:15



























