mobil versiya

Özbəkistan və Azərbaycanın Xalq artisti Fərrux Zokirovun 80 illiyi keçirilib




Özbək, sovet və Türk dünyası estrada musiqisinin görkəmli nümayəndəsi, Özbəkistan, Azərbaycan və digər ölkələrin Xalq artisti Fərrux Zokirovun 80 illik yubileyi münasibətilə Prezident Şavkat Mirziyoyevin iştirakı ilə “Kuksaroy” iqamətgahında təntənəli tədbir keçirilib.

Özbəkistan yerli mediası xəbər verir ki, tədbirdə dövlət və ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, yaradıcı ziyalılar, geniş ictimaiyyət və Zokirovun rəhbəelik etdiyi “Yalla” ansamblının üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən dövlət başçısı Fərrux Zokirovu yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, ailə rifahı və davamlı yaradıcılıq uğurları arzulayıb.

Özbəkistan Prezidenti qeyd edib ki, Zokirovlar sülaləsi uzun illərdir milli musiqi və vokal sənətinin inkişafına əvəzsiz töhfələr verib. “Bütöv bir ailənin, bütöv bir nəslin həyatını incəsənət və mədəniyyətin inkişafına həsr etməsi halları olduqca nadirdir. Bu böyük ənənələri layiqincə davam etdirən Fərrux Zokirov milli estrada sənətini yeni bir səviyyəyə qaldırıb”, -deyə o vurğulayıb.
Şavkat Mirziyoyev müğənniyə Özbəkistanın ali mükafatını - “Böyük xidmətlərə görə” ordenini təqdim edib.
Fərrux Zokirov bütün Orta Asiya, MDB və Türk dünyasında sevilən sənətkardır. Tədbirdə qeyd edilib ki, Özbəkistanın fəxri adı ilə yanaşı, müğənni Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycan, eləcə də Tatarıstan, Başqırdıstan və İnquşetiyanın Xalq artisti yüksək adlarına layiq görülüb.
Qeyd edək ki, məşhur müğənni Prezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülüb.

Reportyor.az 




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-04-2026, 16:05