Səfa Burak Bozyel TRT Bakı təmsilçisi təyin olunub

Türkiyənin dövlət kanalı TRT Azərbaycan nümayəndəliyinə Səfa Burak Bozyeli yeni rəhbər təyin edib.
O, bu təyinata qədər TRT Xəbər kanalında koordinator müavini vəzifəsində çalışıb.
Səfa Burak Bozyel kimdir?
Səfa Burak Bozyel 28 iyul 1989-cu il tarixində Türkiyə Respublikasının İğdır şəhərində anadan olub.
Ali təhsilini Türkiyənin Qazi Universitetinin İqtisadi və İnzibati Elmlər Fakültəsində başa vurub.
Əmək fəaliyyətinə 2014-cü ildə Türkiyə Maliyyə Nazirliyində müfəttiş vəzifəsində başlayıb. Bu dövrdə dövlət maliyyə nəzarəti, audit, yoxlama və təftiş sahələrində fəaliyyət göstərib.
Sonrakı illərdə Türkiyə Radio və Televiziya Qurumunda (TRT) fəaliyyətini davam etdirib, əvvəlcə TRT Təftiş Departamentində baş müfəttiş vəzifəsində çalışıb. Bu vəzifədə qurumun daxili nəzarət və audit proseslərinin həyata keçirilməsi, idarəetmənin səmərəliliyinin artırılması istiqamətində mühüm işlər görüb.
Daha sonra TRT Xəbər Kanal Departamentində Dairə Başkanının müavini vəzifəsini icra edib. Bu müddət ərzində xəbər yayımının təşkili və koordinasiyası, canlı yayımların planlaşdırılması və icrası proseslərində fəal iştirak etmiş, çoxsaylı xüsusi layihələrin və canlı yayımların uğurla efirə çıxarılmasının rəhbəri olub. Eyni zamanda xəbər çəkiliş qruplarının fəaliyyətinin koordinasiyasını həyata keçirmiş, onların operativ və səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayıb.
TRT-də fəaliyyəti dövründə xəbər kanalının texniki infrastrukturunun yenilənməsi və müasir standartlara uyğunlaşdırılması layihələrində yaxından iştirak edib, texniki avadanlıqların quraşdırılması və yeni yayım sistemlərinin tətbiqi prosesində texniki heyətə rəhbərlik və metodiki dəstək göstərib. Onun iştirakı ilə həyata keçirilən yeniliklər TRT Xəbər Kanalının yayım keyfiyyətinin yüksəldilməsinə və texnoloji imkanlarının genişləndirilməsinə mühüm töhfə verib.

18 iyun 2026-cı il tarixində Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Azərbaycan Respublikasındakı nümayəndəsi (təmsilcisi) vəzifəsinə təyin edilib.
06 iyul 2026-cı il tarixindən etibarən TRT-nin Azərbaycan üzrə nümayəndəsi (təmsilcisi) kimi rəsmi fəaliyyətə başlayıb. Bu vəzifədə TRT ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, informasiya mübadiləsinin gücləndirilməsi və qurumun Azərbaycandakı fəaliyyətinin koordinasiya olunmasını həyata keçirir.
Səfa Burak Bozyel ailəlidir, bir övladı var.
Xatırladaq ki, indiyədək TRT-nin Azərbaycan nümayəndəliyinə Murat Akkoç rəhbərlik edib.
TRT-nin Azərbaycan nümayəndəliyi 2000-ci ildən fəaliyyət göstərir. Nümayəndəlik Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafına, eləcə də Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin Türkiyə auditoriyasına operativ çatdırılmasına mühüm töhfə verir.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 18:23


























