2027-ci il imtahanlarında hansı dəyişiklik olacaq?

2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında ciddi dəyişiklik nəzərdə tutulmur.
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının, eləcə də ali məktəblərə qəbul imtahanlarının proqramları hazırlanır və yaxın günlərdə DİM-in saytında yerləşdiriləcək.
Onun sözlərinə görə, proqramların hazırlanması zamanı 5–11-ci siniflərdə hazırda istifadə olunan dərsliklər, əvvəlki nəşrlərlə müqayisə və fənn kurikulumlarının tələbləri nəzərə alınıb.
2027-ci il imtahan proqramlarında ciddi dəyişiklik olmayacaq
Məleykə Abbaszadə qeyd edib ki, proqramların məzmununda ciddi dəyişiklik yoxdur. Yalnız redaktə xarakterli düzəlişlər aparılıb.O, xüsusilə yeni dərsliklərlə bağlı məsələyə aydınlıq gətirib. Yeni kurikulum əsasında hazırlanan dərsliklərdə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik, problem həlli, tədqiqat, tənqidi və yaradıcı düşünmə kimi mövzulara daha çox yer verilir.
Lakin hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almadıqları üçün həmin nəşrlərdəki yeni materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyəcək.
DİM sədri vurğulayıb ki, imtahan proqramlarına yalnız şagirdlərin tədris prosesində keçdiyi mövzular daxil edilib. Dərsliklərdən kənar mövzular imtahana salınmayacaq.
9-cu siniflərin imtahan modeli dəyişmir
2027-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.11-ci siniflərin buraxılış imtahanında isə yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq.
Xarici dil üzrə şagirdlərin yazı bacarığını yoxlamaq üçün yeni tapşırıq forması tətbiq ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələrini ifadə edən kiçikhəcmli mətn yazmalıdırlar.
Qəbul imtahanlarında dəyişiklik yoxdur
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə heç bir dəyişiklik nəzərdə tutulmur.Beləliklə, 2026-cı ildə tətbiq olunan qəbul imtahanı modeli 2027-ci ildə də qüvvədə qalacaq.
Məleykə Abbaszadə şagird və valideynlərə hazırlıq zamanı qeyri-rəsmi məlumatlara deyil, DİM-in açıqlayacağı rəsmi imtahan proqramlarına əsaslanmağı tövsiyə edib. Proqramlar dərc edildikdən sonra hər bir fənn üzrə imtahana salınacaq mövzularla əvvəlcədən tanış olmaq mümkün olacaq.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:17


























