Müəllimlər üçün fərdi AI assistentləri yaradıla bilər - DİM sədri

Müəllimlərin işinin asanlaşdırılması və vaxtdan daha səmərəli istifadə etmələri üçün süni intellektəsaslı fərdi assistentlərin yaradılması mümkündür.
Bunu təhsil işçilərinin sentyabr konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hər bir müəllim üçün fərdi AI assistentinin yaradılması onun gündəlik işinin planlaşdırılmasına və idarə olunmasına kömək edə bilər. Bunun üçün əvvəlcə müəllimlərin süni intellekt alətlərindən istifadə üzrə müvafiq təlimlərə cəlb olunması vacibdir.
Məleykə Abbaszadə qeyd edib ki, süni intellekt imkanlarından istifadə etməklə hər bir müəllim öz iş qrafikini və fəaliyyət planını fərdi şəkildə müəyyənləşdirə bilər. Müəllimlərin vaxtı düzgün idarə etməsi, xüsusilə də müasir uşaqlarla işləyərkən zamanı səmərəli bölüşdürməsi mühüm məsələlərdən biridir. (Azərtac)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:03


























