PTI-nin İslamabad yürüşündə şəhər Məhkəməsi əyalətlərə etirazlarda dövlət resurslarından istifadənin qarşısını almağı tapşırıb

İslamabad Ali Məhkəməsi (IHC) bazar ertəsi günü "Pakistan Tehreek-e-Insaf" (PTI) partiyasının 27 sentyabrda İslamabada planlaşdırdığı uzunmüddətli yürüşə etiraz edən ərizəyə baxarkən, əyalətlərə etiraz aksiyalarında dövlət resurslarından (texnika və vasitələrdən) istifadənin qarşısını almaq barədə göstəriş verib.
Pakistan yerli mediası bu barədə məlumat verir.
Məhkəmə öz qərarında əyalət baş nazirlərinə tapşırıb ki, yürüşlər, kütləvi yürüşlər və ya mitinqlər üçün dövlət nəqliyyat vasitələri, texnika, maliyyə və digər avadanlıqların istifadə olunmamasını təmin etsinlər.
Məhkəmə həmçinin heç bir dövlət işçisinin etiraz aksiyasında iştiraka məcbur edilməməsi barədə göstəriş verib və eyni zamanda əyalət hökumətlərinə, İslamabad administrasiyasına və müvafiq qurumlara yürüşlər, mitinqlər və nümayişlər zamanı vətəndaşların konstitusiya hüquqlarının qorunmasını təmin etməyi tapşırıb.
Məhkəmə qərara alıb ki, heç bir siyasi partiyanın və ya liderin yolları, magistralları və ya digər ictimai yerləri zəbt etmək hüququ yoxdur.
Məhkəmə həmçinin bildirib ki, siyasi partiyalar və ya liderlər vətəndaşların sərbəst hərəkət azadlığına mane ola bilməzlər və İslamabad administrasiyası ilə Daxili İşlər Nazirliyinə vətəndaşların konstitusiya hüquqlarının qorunmasını təmin etmək barədə göstəriş verib.
İslamabad Ali Məhkəməsi həmçinin federal daxili işlər katibinə, baş komissara və İslamabadın polis rəisinə (inspektor generalına) müvafiq göstərişlər verib.
PTI həbsdə olan partiya qurucusu İmran Xanın azad edilməsini tələb etmək məqsədilə ölkə miqyasında etiraz aksiyaları və 27 sentyabrda federal paytaxta doğru uzunmüddətli yürüş keçirəcəyini elan edib.
Bugünkü iclas zamanı İslamabadın baş prokuroru bildirib ki, PTI əvvəlki uzunmüddətli yürüşlər zamanı dövlət texnikasından istifadə edib və iddia edib ki, partiyanın nəzərdə tutulan yürüşünün dinc xarakter daşıyacağına dair heç bir əlamət yoxdur.
Baş prokuror deyib: "Onlar deyirlər ki, uzunmüddətli yürüşləri çox dinc keçəcək və onlar məhkəmə sistemini gücləndirmək üçün gəlirlər". O, vətəndaşların fundamental hüquqlara malik olduğunu vurğulasa da, həmin hüquqların sülh və milli təhlükəsizlik məsələləri ilə bağlı müəyyən şərtlərə tabe olduğunu bildirdi.
Baş prokuror həmçinin PTI-nin tələblərinə həbsdə olan partiya qurucusunun azad edilməsi və hökumətin vəzifədən kənarlaşdırılması daxil olduğunu söylədi və hər iki tələbi qanunsuz adlandırdı.
"Məhkum edilmiş məhbusun azadlığa buraxılmasının yolu məhkəmələrdir", - deyə o əlavə etdi.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:05


























