Nazir: Avstraliya mənzil böhranını həll etmək üçün miqrasiyanı azaldacaq

İfrat sağçı qüvvələrin sorğularda reytinqinin artdığı bir vaxtda, Avstraliyanın daxili işlər naziri cümə axşamı bəyan edib ki, ölkə "viza dəyişdirmə" (bir vizadan digərinə keçid) təcrübəsini məhdudlaşdırmaq, tələbələr və "iş və istirahət" (working holiday) proqramı iştirakçıları üçün qaydaları sərtləşdirmək, həmçinin viza müddəti bitdikdən sonra ölkədə qalanlara qarşı tədbirlər görməklə miqrasiyanı azaldacaq.
Daxili İşlər Naziri Toni Burk Kanberradakı Milli Mətbuat Klubunda çıxışı zamanı miqrasiyanın Avstraliya üçün "əsaslı şəkildə bir üstünlük" olduğunu qeyd etsə də, mənzil sektorundakı təzyiqlərin dəyişikliklər tələb etdiyini etiraf edib.
O, hakim Leyboristlər Partiyasının viza qaydalarını miqrasiyanı kəskin şəkildə azaltmaq vədləri ilə bu il ölkənin ən populyar partiyalarından birinə çevrilən "One Nation" (Bir Millət) partiyasının yüksəlişinə cavab olaraq sərtləşdirdiyi barədə iddiaları rədd edib. Biznes qrupları isə belə azalmaların iqtisadi ziyana səbəb olacağı barədə xəbərdarlıq ediblər.
"Mənzil təminatının tələbata uyğunlaşa bilməsi üçün miqrasiya axınını müəyyən qədər səngitməliyik", - deyə o bildirib və mənzil çatışmazlığının miqrantlar tərəfindən yaradılmadığını vurğulayıb.
Xalis xarici miqrasiya – yəni Avstraliyaya gələnlər və oradan gedənlər arasındakı fərq – COVID-19 pandemiyasından sonra sərhədlərin açılması ilə müşahidə olunan kəskin artım nəticəsində 2022-ci ildə rekord həddə – 538 000 nəfərə çatmışdı.
Cümə axşamı açıqlanan məlumatlara görə, mart ayınadək olan dövrdə bu rəqəm 292 100-ə enib.
Burk bildirib ki, bu göstərici pandemiyadan sonrakı pik həddən 47 faiz aşağıdır və siyasətdəki dəyişikliklər gələn il üçün hədəflənən 225 000 rəqəminə çatmağa kömək edəcək.
Onun sözlərinə görə, avstraliyalılar hökumətin miqrasiya məsələsini "nəzarətə götürdüyünü", eyni zamanda bu məsələyə "ədalətli və insaflı yanaşdığını" görmək istəyirlər.
Məlumatlar göstərir ki, ölkəyə gələnlər arasında ən böyük qrupu tələbələr təşkil edir; hazırda Avstraliyada əksəriyyəti Çin və Hindistandan olan 753 000 əcnəbi tələbə var.
Burk qeyd edib ki, yeni qaydalara əsasən, Avstraliyadakı tələbələrə qoşulmaq istəyən ailə üzvləri yeni məhdudiyyətlərlə üzləşəcəklər və tələbələrin ölkədə qalma müddətini uzatmaq məqsədilə tədris kurslarını dəyişməsi çətinləşəcək.
O, həmçinin bildirib ki, Böyük Britaniyadan daxil olan rekord sayda – 80 000 "iş və istirahət" vizası müraciətinin emalı prosesi yavaş templə davam edəcək və bu Avstraliyada yaşayanları ziyarət etmək istəyən ailə üzvlərinin müvəqqəti vizalarına "qalma müddətinin uzadılmaması" şərti əlavə olunacaq.
O bildirdi ki, viza verilməsində tikinti və mənzil təminatı sahəsində bacarıqlara malik miqrantlara üstünlük veriləcək.
Onun sözlərinə görə, Avstraliya on il əvvəlki siyasətə qayıdacaq; həmin siyasətə əsasən, viza müddəti bitdikdən sonra ölkədə qalanlara oranı tərk etmək üçün iki həftə vaxt verilir, əks təqdirdə onlar saxlanılır və deportasiya edilirdilər.
O qeyd etdi ki, əlavə 100 nəzarət əməkdaşının cəlb edilməsi və miqrasiya təcridxanalarında yerlərin sayının daha 250 çarpayı artırılması viza müddətini aşmağın nəticələri olduğunu nümayiş etdirəcək.
Lakin o vurğuladı ki, "bu, bəzi insanların digər ölkələrdə baş verdiyini televiziyada gördükləri əməliyyatlara bənzər bir tədbir deyil" – bununla o, ABŞ-dakı sərt miqrasiya siyasətinə işarə edirdi.
Son siyahıyaalma məlumatları göstərir ki, Avstraliyanın 27,6 milyonluq əhalisinin üçdə biri xaricdə doğulub.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:45


























