Pakistan: Kabulla münasibətlərin düzəldilməsi Talibanın öhdəsindədir; TTP ilə danışıqlar isə istisna edilir

Pakistan ordusunun sözçüsü bildirib ki, Taliban hökuməti yaraqlıların Əfqanıstan ərazisindən sərhədyanı hücumlar üçün istifadəsinin qarşısını alarsa, Əfqanıstanla münasibətlər bərpa oluna bilər. O, eyni zamanda "Tehrik-i-Taliban Pakistan" (TTP) yaraqlı qruplaşması ilə danışıqlar aparılmayacağını vurğulayıb və xəbərdarlıq edib ki, Kabul təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldırmasa, İslamabad özünümüdafiə məqsədilə tədbirlər görə bilər.
Silahlı Qüvvələrin İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) rəhbəri, general-leytenant Əhməd Şərif Çaudri bu barədə "Arab News"a müsahibəsində deyib.
ABŞ qoşunlarını çıxardıqdan və Taliban beş il əvvəl hakimiyyətə qayıtdıqdan sonra Pakistan və Əfqanıstan arasında münasibətlər kəskin şəkildə pisləşib. Həmin vaxtdan bəri Pakistanın Əfqanıstanla həmsərhəd qərb əyalətlərində yaraqlıların hücumlarında artım müşahidə olunur. İslamabad Kabulu TTP kimi yaraqlı qruplaşmalara dəstək verməklə bu cür hücumlara şərait yaratmaqda ittiham edir; Kabul isə bu ittihamları rədd edir.
Əhməd Şərif Çaudri bildirib ki, Pakistanın mübahisəsi Əfqanıstan və ya onun xalqı ilə deyil, Kabuldakı Taliban hakimiyyəti ilədir. O, Əfqanıstandakı hökuməti "inklüziv olmayan və təmsilçilik xüsusiyyəti daşımayan rejim" kimi xarakterizə edib.
Hərbi rəsmi bildirib ki, Pakistanın Taliban hökumətindən yalnız bir tələbi var: "Dünya da bunu bilir, onlar da bunu bilirlər. Bu tələb ondan ibarətdir ki, Pakistan daxilində terrorizmə dəstək verməsinlər. Bu, çox sadə, çox məntiqli və çox obyektiv bir tələbdir. Hər şeyi yoluna qoya biləcək bir bənd."
Eyni zamanda, Talibanın sözçüsü Zəbihullah Mücahid "Al Arabiya"ya bildirib ki, Kabul Pakistanla dialoqun və əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Mücahid Əfqanıstanın TTP-yə öz ərazisindən fəaliyyət göstərməyə icazə verdiyi və ya digər ölkələrə hücum edən silahlı qruplaşmalara dəstək verdiyi barədə iddiaları rədd edib. O, həmçinin Səudiyyə Ərəbistanının Kabul və İslamabad arasında vasitəçilikdə daha böyük rol oynamasını müsbət qarşılayıb.
Qonşu ölkələr arasında münasibətlər bu məsələyə görə kəskin pisləşib və dəfələrlə silahlı qarşıdurmalara səbəb olub.
Çaudri bildirib ki, Taliban hakimiyyəti İslamabadın Əfqanıstanda yerləşdiyini iddia etdiyi yaraqlı təlim düşərgələrinə, rəhbər heyətə və logistik şəbəkələrə qarşı tədbirlər görməklə qonşular arasındakı münasibətləri düzəldə bilər. O, Taliban hakimiyyətini yaraqlı liderlərə Əfqanıstanda sığınacaq verməkdə, həmçinin onlara silah və logistik dəstək təmin etməkdə ittiham edib.
"Onlar Kabuldadırlar, Qəndəhardadırlar. Başqa yerlərdədirlər. Taliban 2020-ci il Doha sazişi çərçivəsində götürdüyü öhdəliklərə – o cümlədən Əfqanıstan ərazisinin terrorçuluq məqsədilə istifadə olunmayacağına dair verilən təminatlara – əməl etməlidir".
O xəbərdarlıq etdi ki, əgər Taliban İslamabadın narahatlıqlarını aradan qaldırmasa, Pakistan özünümüdafiə məqsədilə tədbirlər görmək hüququnu özündə saxlayır.
"Bu, onların özündən asılıdır. Əgər bunu etməsələr, Pakistanın tam özünümüdafiə hüququ var," – deyə o bildirdi. "Bu problemi həll etmək üçün istənilən addımı ata bilərik."
İslamabadın TTP (Pakistan Talibanı Hərəkatı) ilə danışıqları bərpa edib-etməyəcəyi barədə suala cavab olaraq Çaudri danışıqlar ehtimalını istisna etdi. "Biz terrorçularla danışıqlar aparmırıq. Beləliklə, bu məsələ gündəmdə deyil. Biz sadəcə terrorçuları məhv edirik."
Çaudri bir daha vurğuladı ki, İslamabadın mövqeyinə görə, qonşu ölkələr arasındakı fikir ayrılığı daimi deyil və Kabil Pakistanın təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə alaraq müvafiq addımlar atarsa, məsələ həll oluna bilər: "Bəs münasibətlər necə düzələ bilər? Pakistan ərazisinə terrorçu göndərməməklə. Münasibətlərin yaxşılaşması indi Taliban hakimiyyətinin yaraqlılara qarşı mübarizə aparmasından asılıdır. Bu, onların özündən asılıdır."
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:12


























