Zakir İbrahimov: Qarşıdakı mərhələdə əsas hədəfimiz “AzerGold”u 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirməkdir

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış edib.
Zakir İbrahimov çıxışında deyib:
-Möhtərəm cənab Prezident, ilk növbədə, Azərbaycan Respublikasında dağ-mədən sənayesinin inkişafına göstərdiyiniz davamlı diqqətə və dəstəyə görə Sizə dərin minnətdarlığımızı ifadə edirəm. İcazənizlə, həmin dəstəyin və strateji baxışın davamı olaraq hazırlanmış Dövlət Proqramı çərçivəsində “AzerGold”un qarşısında qoyulan əsas hədəf və vəzifələr barədə məlumatı yüksək diqqətinizə təqdim edim.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 2015-ci ildə Sizin Sərəncamınızla yaradıldı və bununla Azərbaycanın dağ-mədən sənayesinin yeni inkişaf mərhələsinin əsası qoyuldu. 2016-cı ildə Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənində fəaliyyətə başlanıldı və növbəti ilin aprel ayında gümüş-qızıl xəlitənin ilk ixracı həyata keçirildi.
Həmin dövrdə yatağın çıxarıla bilən qızıl ehtiyatı 179 min unsiya qiymətləndirilirdi və istismar müddətinin 2021-ci ildə başa çatacağı proqnozlaşdırılırdı. Sonrakı illərdə aparılan optimallaşdırma və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində ehtiyatlar 1,02 milyon unsiyaya çatdırıldı, istismar müddəti isə ən azı 2032-ci ilədək uzadıldı. “Mərəh”, “Ağyoxuş”, “Tülallar” və “Çovdar” yataqlarından filizin emalı vahid istehsal mərkəzində – Çovdar İnteqrə olunmuş Regional Emal Sahəsində birləşdirildi. Bununla uzunmüddətli və səmərəli istehsal davamlılığı təmin edildi.
Növbəti illərdə şirkətin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirildi. Əlvan metallarla yanaşı, qara metal filizləri üzrə fəaliyyətə keçid təmin edildi və bu məqsədlə “Daşkəsən Dəmir Filiz” MMC yaradıldı. “AzerBlast” MMC isə sənaye partlayıcı maddələrin istehsalı və satışı üzrə fəaliyyətə başladı.
Geoloji kəşfiyyatda hiperspektral peyk çəkilişləri və aeroelektromaqnit tədqiqatlar kimi müasir texnologiyalar tətbiq edilərək yeni perspektivli sahələr müəyyənləşdirildi və bu proses davam edir.
“AzerGold”un 2024-cü ildə gəlirləri və yerli banklardan cəlb edilmiş vəsait hesabına qurulan çəndə qələviləşdirmə zavodu tam gücü ilə istismara verildi və bununla da “Çovdar” yatağının sulfid filizlərinin emalı təşkil edildi. Həmin ildən, eyni zamanda, “AzerGold” Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövləti təmsil etmək səlahiyyətlərini də həyata keçirməyə başladı.
Cari ildə “AzerGold” Qafqazın ən böyük qızıl yataqlarından biri olan “Söyüdlü” yatağında – “Zod” yatağında fəaliyyətə başladı. Artıq ərazidə hasilatın təşkili ilə bağlı üstaçma işləri aparılır. Eyni zamanda, “AzerGold”a həmin cari ildə qeyri-filiz yataqları üzrə operator statusu da həvalə edildi.
Beləliklə, 10 il ərzində “AzerGold” qızıl hasil edən şirkətdən geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahəsini əhatə edən çoxşaxəli və inteqrə olunmuş milli dağ-mədən şirkətinə çevrildi.
Qarşıdakı mərhələdə əsas hədəfimiz “AzerGold”u 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirməkdir. Bu məqsədlə strateji layihələrin maliyyələşdirilməsində daxili gəlir və borc vəsaitləri hesabına, həmçinin özəl investisiyaya üstünlük veriləcək. Nəticədə əsas məqsədimiz gəlir və məşğulluq göstəricisinə görə “AzerGold”u Azərbaycanın qeyri-neft sənayesinin ən iri şirkətlərindən birinə çevirməkdir.
Möhtərəm cənab Prezident, bu slayd şirkətin iqtisadi inkişaf dinamikasını göstərir. Qızıl hasilatı, gəlirlər, EBITDA və vergi ödənişləri fəaliyyət dövrü ərzində davamlı artım nümayiş etdirib. Qızılın hasilatı 2017-ci illə müqayisədə 2 dəfədən çox artıb. Gəlirlər 3,5 dəfə yüksəlib. Ümumi gəlirlərin 92 faizi ixracdan, 8 faizi isə daxili bazarda satışdan formalaşır. 2019-cu ildən qızıl və gümüş məhsullarının istehsalına başlanılıb və daxili pərakəndə satış əlavə dəyər mənbəyinə çevrilib.
Digər mühüm göstərici EBITDA-dır. 2017-ci ildə 46 milyon manat olduğu halda, 2025-ci ildə 260 milyon manata çatıb, yəni təxminən 6 dəfə artıb. EBITDA marjası isə orta hesabla 50 faizdən yüksək olub. Eyni zamanda, şirkətin vergi ödənişləri 15 dəfə artıb.
Ən vacib məqamlardan biri ehtiyat bazasının genişləndirilməsidir. Ehtiyatların 6 dəfə artması nəticəsində “Çovdar”da istehsal müddəti 11 il uzadılıb. 2025-ci ildə əldə olunan mənfəətin təqribən 42 milyon manatı səhmdara – dövlətə dividend olaraq ödəniləcək. Bu nəticələr şirkətin mövcud ehtiyatları səmərəli istismar etməklə yanaşı, hasilat dinamikasının qorunmasına və yeni strateji istiqamətlərə investisiyaların genişləndirilməsinə imkan yaradır.

“AzerGold” birbaşa fəaliyyəti ilə yanaşı, Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövlət təmsilçiliyi istiqamətində də mühüm nəticələr əldə edib. 2024-cü ilin iyun ayından etibarən həyata keçirilən nəzarət tədbirləri nəticəsində “Azerbaijan International Mining Company Limited” şirkətinin istehsal və maliyyə göstəricilərində də ciddi artım əldə olunub. Qızıl ekvivalentində hasilat 2024-cü ilin ilk yarısındakı 5,3 min unsiyadan 2026-cı ilin ilk yarısında 37,6 min unsiyaya yüksəlib, yəni 7,1 dəfə artıb. Dövlətin mənfəətdən payı isə 2,4 milyon manatdan 37,6 milyon manata çatıb. Bu, 15 dəfədən çox artım deməkdir. Ümumilikdə “AzerGold”un dövlət təmsilçiliyi dövründə cari tarixə dövlətin mənfəətdən payı 77,5 milyon manat təşkil edib. 2026-cı ildə artımın əsas hissəsi işğaldan azad edilmiş Ağdərə rayonunda yerləşən “Dəmirli” mis mədənində hasilatın bərpası hesabına əldə olunub. Cari ilin əvvəlində Sizin də təşrif buyurduğunuz emal kompleksi “AzerGold”un dəstəyi və nəzarəti ilə təqribən bir il ərzində yenidən qurularaq istifadəyə verilib. Nəticədə investor 2025-ci ildə ölkənin qeyri-neft ixracatçıları arasında birinci yerə yüksəlib və bu tendensiya 2026-cı ildə də davam etdirilib.
“AzerGold”un fəaliyyəti artıq dağ-mədən sənayesinin bütün əsas dəyər zəncirini əhatə edir. Şirkət geoloji kəşfiyyatına da başlayaraq, hasilat, emal, ixrac və satış mərhələlərini vahid sistem şəklində ifadə edir. Geoloji kəşfiyyatda müasir hiperspektral və aeroelektral maqnetik tədqiqat metodlarından istifadə etməklə yeni perspektivli sahələr müəyyən edilir və resurslar aşkarlanır. “Çovdar”da iki fərqli emal texnologiyası vasitəsilə ildə təxminən 70 min unsiya qızıl hasil olunur, emal nəticəsində qızıl və gümüş tərkibli xəlitələr istehsal olunur, əsas hissəsi ixrac edilir, digər hissəsi isə daxili bazarda satılır.
Proqramın icrası nəticəsində 2030-cu ilədək əsas hədəfimiz bu dəyər zəncirini əhəmiyyətli dərəcədə genişləndirməkdir. Bu məqsədlə “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqları istismara hazırlanacaq. “Filizçay”da mis, sink və qurğuşun tamhəcmli emalı, “Söyüdlü”də flatasiya üsulu ilə qızılın emalı, “Daşkəsən” layihəsində isə poladtökmə sahəsi üçün ildə 2 milyon ton ən yüksək keyfiyyətə cavab verən isti briketləşmiş dəmir istehsalı gücü yaradılacaq. Bununla da “AzerGold” qiymətli əlvan və qara metallar üzrə ixrac potensialını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Hazırda “AzerGold” tərəfindən mineral resurs bazasının artırılması və yeni mədənlərdə istismara başlanılması məqsədilə genişmiqyaslı işlər görülür. Proses 4 əsas mərhələdə həyata keçirilir.
İlkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq. Naxçıvan Muxtar Respublikasında ilkin axtarış-qiymətləndirmə işləri Sizin iştirakınızla Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən həyata keçiriləcək.
Axtarış-qiymətləndirmə mərhələsində hazırda 10 perspektivli qızıl-mis sahəsi üzrə işlər davam edir və bu mərhələnin də 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır.
İlkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam etdirilir. Naxçıvanda “Göydağ” və “Başkənd” mis-qızıl yataqları, Balakəndə “Mazımçay” mis yatağı üzrə artıq ümumilikdə təxminən 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib. Naxçıvandakı “Nəsirvaz”, Kəlbəcərdəki “Tutxun” qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir.
Sonuncu mərhələdə – dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır. “Söyüdlü” üzrə təxminən 1,03 milyon unsiya qızıl, “Ortakənd” üzrə 246 min unsiya qızıl, “Filizçay” üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib.
Möhtərəm cənab Prezident, bu slaydda “AzerGold”un Dövlət Proqramı çərçivəsində həyata keçirəcəyi 4 əsas strateji layihəni təqdim edilir. Bu layihələr üzrə ümumi investisiya həcmi təxminən 3,63 milyard manat təşkil edir və bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.
İlk layihə “Söyüdlü” qızıl yatağıdır. Burada ilk istehsal 2028-ci ildə nəzərdə tutulub. Layihənin qızıl resursu 1,03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var. İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7,5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır. Bu investisiyanın icrası “AzerGold”un daxili gəliri hesabına və cəlb edəcəyi borc hesabına planlaşdırılır.
İkinci layihə Naxçıvanda yerləşən “Ortakənd” qızıl yatağıdır. Burada ilk istehsal 2029-cu ildə nəzərdə tutulub. Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1,8 milyard manatdır. Tələb olunan investisiya 255 milyon manatdır, bu layihənin də icrası “AzerGold”un daxili gəliri hesabına və cəlb ediləcək borc hesabına planlaşdırılır.
“Filizçay” polimetal yatağı dünyadakı digər polimetal yataqları kimi müxtəlif - geoloji və digər amillərə görə ən mürəkkəb yataqlardan biridir. Bu layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır. Bu layihənin icrası “AzerGold”un daxili gəlirləri hesabına, cəlb ediləcək borc vəsaitləri və Sizin tapşırığınıza uyğun surətdə müxtəlif həcmdə investor vəsaitlərinin cəlb edilməsi hesabına ola bilər.
“Daşkəsən” dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur. Layihə üzrə illik nəticədə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və tələb olunan investisiya 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin edilir.
Beləliklə, 4 strateji layihə üzrə qeyd etdiyim kimi, təxminən 3,63 milyard manat investisiya tələb olunur və bunun təqribən 10 faizinin dövlət büdcəsindən ayrılması üçün müraciət ediləcək.
Möhtərəm cənab Prezident, yekunda yüksək diqqətinizə çatdırmaq istərdik ki, “AzerGold” milli dağ-mədən sahəsinin aparıcı dövlət şirkəti kimi Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamət üzrə irəliləyir:
-Birinci istiqamət qızıl hasilatı və emalıdır. “Söyüdlü” və “Ortakənd” üzrə ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl ehtiyatlarının hasilata cəlb edilməsi ölkə üzrə qızıl ixracını əhəmiyyətli dərəcədə artıracaq.
-İkinci istiqamət qara metallurgiyadır. “Daşkəsən” layihəsi çərçivəsində 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalat gücü yaradılacaq və təxminən 1,7 milyon ton hissəsi ixrac potensialını formalaşdırır.
-Üçüncü istiqamət əlvan metallardır. “Filizçay” üzrə mis, sink, qurğuşun resursunun hasilata hazırlanması ölkəmizin ixrac portfelini genişləndirəcək və yeni sənaye istiqamətini formalaşdıracaq.
-Dördüncü istiqamət dağ-mədən sənayesinin yan sahələrinin inkişafıdır. Bu layihələr yeni istehsal zəncirlərinin, xidmət sahələrinin və ümumilikdə sənaye potensialının güclənməsinə töhfə verəcək.
Möhtərəm cənab Prezident, əldə etdiyimiz və qarşıdakı dövrdə əldə etməyi planlaşdırdığımız nəticələrin əsasında Sizin rəhbərliyinizlə həyata keçirilən qeyri-neft sektorunun inkişafına və təbii sərvətlərin səmərəli idarə olunmasına yönəlmiş dövlət siyasəti dayanır. Davos Ümumdünya İqtisadi Forumunda dağ-mədən sənayesinin xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından iqtisadiyyatımızın əsas prioritet sahələrindən biri kimi qeyd edilməsi sektorun inkişafı üçün yeni imkanlar yaradır. 2027-ci ildən icrasına başlanması nəzərdə tutulan Dövlət Proqramı isə dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin əsas yol xəritəsi olacaq.
“AzerGold” olaraq bu strateji hədəflərin icrası üçün bütün imkan və resurslarımızı səfərbər edəcək, fəaliyyətimizi bundan sonra da yüksək məsuliyyətlə davam etdirəcəyik. Öz adımdan və kollektivimiz adından Sizə göstərdiyiniz etimada və diqqətə görə təşəkkür edirəm.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:23


























