mobil versiya

Tarixi dəyişən marşrut -Səudiyyə Ərəbistanı Krallığı





Səudiyyə Ərəbistanı birləşdirilməzdən illər əvvəl Kral Əbdüləziz bin Əbdülrəhman Əl Səud evinə qayıtmağı düşünürdü.

1891-ci ildə tərk etdiyi gündən bəri Ər-Riyad onun fikrindən çıxmırdı.

Küveytdə yaşadığı illərdə – Kral Əbdüləziz adına Tədqiqat və Arxiv Fondu (qısaca "Darah" kimi tanınır) tərəfindən istinad edilən tarixi məlumatlara görə – gənc Əbdüləziz gecələr evindən çıxıb təkbaşına səhrada kimsəsiz bir yerə gedirdi.

Orada, yaşayış məntəqəsindən uzaqda, o, Ər-Riyadın necə geri alına biləcəyi barədə düşünürdü.

Onun məqsədi sadəcə bir şəhərə qayıtmaqdan daha böyük idi. "Darah"ın məlumatlarına əsasən, məhz bu dövrdə onun liderlik keyfiyyətləri üzə çıxmış və Əbdüləziz özündə dövlət qurmaq bacarığını görmüşdü.

Ər-Riyadı geri almaq üçün ilk cəhdi 1901-ci ildə baş vermiş Əl-Sərif döyüşü zamanı olmuşdu. Lakin bu cəhd uğursuzluqla nəticələndi.

Buna baxmayaraq, uğursuzluq planın sonu olmadı.

Bir neçə ay sonra Əbdüləziz yenidən hərəkətə keçdi.

Bu dəfə o, az sayda sadiq silahdaşı ilə birlikdə Ər-Riyada doğru yola çıxdı və müasir Səudiyyə tarixinin ən əhəmiyyətli məqamlarından birinə aparan səfərə başladı.

Qarşıdakı vəzifə son dərəcə çətin idi.

Qrup sərt təbiət şəraitində, geri alınması gizlilik, qətiyyət və dəqiq planlaşdırma tələb edən bir şəhərə doğru irəliləyirdi. Marşrutun özü də əməliyyatın bir hissəsinə çevrilmişdi.

"Darah" fondu Kral Əbdüləzizin 1319-cu ildə (hicri təqvimi ilə) / 1902-ci ildə Ər-Riyadı geri almaq üçün istifadə etdiyi gizli marşrutu əks etdirən xəritəni qoruyub saxlayır; bu xəritə həlledici məqamdan əvvəlki səfərin coğrafi təsvirini təqdim edir.


1902-ci il yanvarın 15-də — hicri təqvimi ilə 1319-cu il Şəvval ayının 5-də — məqsədə nail olundu.

Ər-Riyad geri alındı.

Sadəcə cəsarətli bir geri dönüş hekayəsi kimi qala biləcək hadisə, əslində, daha böyük bir prosesin başlanğıcına çevrildi.

"Darah" Ər-Riyadın geri alınmasını Səudiyyə Ərəbistanı tarixinin əsas hadisələrindən biri kimi qiymətləndirir, çünki bu hadisə müasir Səudiyyə dövlətinin bərpasına yol açan birləşmə mərhələsinin başlanğıcı idi.

Kral Əbdüləziz sonrakı onilliklər ərzində Ər-Riyaddan çıxış nöqtəsi kimi istifadə edərək ölkənin digər hissələrini birləşdirməyə davam etdi.

Coğrafi ərazi genişləndi.

İdarəetmə sistemi inkişaf etdi.

Dövlət təsisatları yarandı. Və gizli bir səfərin hədəfi olan şəhər, genişlənən bir dövlətin paytaxtına çevrildi.

Ər-Riyadın geri alınmasından otuz il sonra proses özünün həlledici siyasi mərhələsinə çatdı.

1932-ci il sentyabrın 23-də ölkəni Səudiyyə Ərəbistanı Krallığı adı altında birləşdirən kral fərmanı qüvvəyə mindi. "Darah" bələdçisi bu elanı, təxminən üç onillik davam edən birləşmə və quruculuq prosesinin kulminasiya nöqtəsi kimi təsvir edir.

Bu iki məqam arasındakı məsafəni yalnız kilometrlərlə ölçmək mümkün deyil.

Onlardan biri Ər-Riyada doğru bir səfər idi.

Digəri isə bir millətin (tarix səhnəsinə) gəlişi idi.

Və 1902-ci ildə qət edilən yol, geriyə nəzər saldıqda, Krallığa aparan ilk yol oldu.

P.S. Məlumatlar Krallığın yerli mediasından götürülüb.



Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:28