Somalidə gəmi xilasetmə əməliyyatı zamanı üç pakistanlı dənizçi həlak olub

Çərşənbə axşamı günü sağ qalan iki pakistanlı dənizçinin insan hüquqları üzrə vəkilə verdiyi məlumata görə, Somali dəniz polisindən qaçmağa çalışan Somali dəniz quldurları ələ keçirilmiş gəmidəki girov götürülmüş dənizçilərdən beşini (o cümlədən üç pakistanlını) öldürüb, dördünü isə yaralayıblar.
Pakistan yerli mediası bu barədə xəbər verir.
Somalinin Puntland Dəniz Polis Qüvvələri "X" sosial şəbəkəsindəki paylaşımında bildirib ki, onlar "Bandar Beyla rayonunun Dharin-baar sahili yaxınlığında dəniz əməliyyatı həyata keçirərək", aprelin 21-də Somali suları yaxınlığında dəniz quldurları tərəfindən ələ keçirilmiş "MT Honour 25" neft tankerini xilas ediblər.
Fondun məlumatına görə, hadisədən sağ çıxan pakistanlı dənizçilər Hüseyn Yusif və İmran Əli gəmi kapitanının mobil telefonundan istifadə edərək Kəraçidəki "Ansar Burney Welfare Trust" təşkilatının ofisi ilə əlaqə saxlayıb və hadisə ilə bağlı təfərrüatları bölüşüblər.
Fond rəsmisinin həmin iki dənizçiyə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı təzyiqlə üzləşən dəniz quldurları gəmidən geri çəkilərkən və qaçmazdan əvvəl girov götürülmüş heyət üzvlərinə qarşı ayrı-seçkilik etmədən atəş açıblar.
Rəsmi əlavə edib: "Sağ qalanlar bildiriblər ki, Somali hökuməti və Somalinin şimal-şərqindəki yarı-muxtar Puntland bölgəsinin hakimiyyət orqanları çərşənbə axşamı 'Honour 25' gəmisini dəniz quldurlarından azad etmək üçün birgə əməliyyata başlayıblar və bu, atışmaya səbəb olub".
"The Express Tribune" qəzetinə açıqlama verən "Ansar Burney Trust" təşkilatının direktoru, vəkil Qurratul-Ayn bildirib ki, heyət üzvlərinin həlak olduğu və yaralandığı yer sahildən xeyli aralıda olub. O qeyd edib ki, hadisə onları azad etmə əməliyyatı zamanı baş verib.
Qurratul-Aynın sözlərinə görə, qaçarkən dəniz quldurları gəminin sükan sisteminə də ziyan vuraraq onu yararsız hala salıblar. "Əməliyyatda istifadə olunan Somali hərbi-dəniz gəmisi hazırda zədələnmiş gəmini sahilə doğru yedəyə alır. Prosesin azı iki gün çəkəcəyi gözlənilir".
Həlak olan pakistanlı dənizçilərin şəxsiyyəti müəyyən edilib: ikinci zabit Kaşif Ömər, üçüncü mühəndis Mahmud Ənsari və qazanxana işçisi Rəfiullah. Həlak olan digər iki dənizçi isə hindistanlı heyət üzvü Tanvir və Myanmadan olan baş mühəndis olub. Həlak olan bütün pakistanlı dənizçilər Kəraçi şəhərindən idi.
Yaralanan dənizçilərin adları belə açıqlanıb: Osman, Yasir, Əmin və İndoneziyadan olan Viki. Fondun məlumatına görə, Hüseyn Yusif, İmran Əli və Yasin sağ-salamatdırlar. Qurətül-Ayn bildirib ki, hadisə ilə bağlı Pakistan hökuməti və İnsan Hüquqları Nazirliyi məlumatlandırılıb.
Tərkibində 10-u Pakistan vətəndaşı olmaqla 17 nəfərlik heyəti olan Palau bayraqlı "Honour 25" neft tankeri aprel ayında Omandan Somaliyə gedərkən Puntlend sahillərindən təxminən 30 dəniz mili aralıda ələ keçirilmişdi. Gəmi daha sonra Somalinin şimal-şərqindəki yarı-muxtar bölgə olan Puntlend yaxınlığında saxlanılırdı.
Girovların ailələri yaxınlarının sağ-salamat azad edilməsi üçün aylarla səy göstərib, dinc etiraz aksiyaları keçirib və dəfələrlə hökumət orqanlarına müraciət ediblər. Pakistan rəsmiləri girovların azad edilməsi istiqamətində diplomatik səylərin davam etdiyini bildirirdilər.
Dəniz quldurları əvvəlcə heyətin azad edilməsi müqabilində 3 milyon dollar fidyə tələb etmiş, sonradan bu məbləği 1 milyon dollara endirmişdilər. Əsirlikdə olduqları müddətdə heyət üzvləri ciddi ərzaq, dərman və içməli su çatışmazlığı ilə üzləşdiklərini, əsasən qaynadılmış düyü ilə qidalandıqlarını və bir məqamda çirkli su içməyə məcbur qaldıqlarını bildiriblər.
Somalidə dəniz quldurluğu yenidən canlanıb; aprel ayından bəri azı 15 hücum qeydə alınıb ki, bu da 2013-cü ildən bəri ən yüksək göstəricidir. Puntlend polisi bu il bölgədə yüksək fəallıq göstərən yeni dəniz qulduru şəbəkəsinə qarşı tədbir görmədiyi üçün tənqidlərə məruz qalıb.
Puntlend polisi bildirib ki, dəniz quldurlarının şübhəli şəraitdə qaçması ilə nəticələnən xilasetmə əməliyyatından bir neçə gün sonra başqa bir neft tankerini xilas ediblər. Onlar əlavə ediblər ki, "Honour 25" ələ keçirilərkən göyərtəsində 18 500 barel neft olub.
Polis son günlər Somali sahillərində ələ keçirilmiş üç gəmini izləyir və cümə günü digər neft tankerlərindən biri olan "Sibu 1"-i xilas edib. Lakin əməliyyat zamanı həbs edilən 41 dəniz quldurundan 28-i sonradan həbsxanaya aparılarkən qaçıb; Puntlendin bir sıra təhlükəsizlik rəsmiləri yerli polisi əlbir olmaqda ittiham ediblər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:28


























