Bakıda “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Günü münasibətilə tədbir keçirilib

Hindistanın Azərbaycandakı Səfirliyi bu gün Bakıdakı Səfirlikdə Mahatma Qandinin doğum gününü və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd etmək məqsədilə tədbir təşkil edib.
Tədbirdə Hindistan diasporu təşkilatlarının əsas nümayəndələri, Azərbaycandakı Hindistan icmasının üzvləri və Hindistanın dostları iştirak ediblər.

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar tədbir iştirakçılarına rəhbərlik edərək Mahatma Qandinin xatirəsinə gül dəstələri təqdim edib və onun həqiqət, sülh və zorakılıqdan imtina ilə bağlı davamlı mesajını xatırladıb.
Çıxışında səfir Abhay Kumar Qandinin zorakılıqdan imtinaya sarsılmaz bağlılığını vurğulayaraq qeyd edib ki, Qandi yalnız zorakılıqdan imtinanı təbliğ etməyib, bütün həyatı boyu bu prinsipə əməl edib. O, Qandinin Hindistanın azadlıq mübarizəsi dövründə belə zorakılığa qarşı çıxmasını, eləcə də Bölünmə zamanı icmalararası zorakılığın qarşısını almaq üçün şəxsi müdaxilələri və aclıq aksiyaları vasitəsilə göstərdiyi səyləri xatırladıb. Səfir həmçinin Qandinin fəlsəfəsinin bütün dünyada liderlərə və ictimai hərəkatlara ilham verərək göstərdiyi qlobal təsiri vurğulayıb.

Dünyada davam edən münaqişələrə toxunan səfir bildirib:
“Bu gün Mahatma Qandinin mesajı heç vaxt olmadığı qədər aktualdır. Dünya bəzi bölgələrdə dağıdıcı münaqişələrin şahidi olmaqda davam edir. Hindistan münaqişələrin həlli üçün ardıcıl olaraq dialoq və diplomatiyaya çağırış edib. Baş nazirimiz Narendra Modinin də qeyd etdiyi kimi, ‘bu, müharibə dövrü deyil’. Mahatma Qandi bizə xatırladardı ki, sülh yalnız zorakılığın olmaması deyil, həm də qarşıdurma əvəzinə dialoqu, təmkinli davranışı və qarşılıqlı anlaşmanı seçmək cəsarətidir. Bu gün “Gandhi Jayanti” münasibətilə Mahatmanı yalnız Hindistan xalqının atası kimi deyil, həm də qlobal sülhün və zorakılıqdan imtinanın böyük carçısı kimi xatırlayaq.”
Tədbir zamanı Mahatma Qandinin həyat və irsinə həsr olunmuş qısa sənədli film də nümayiş etdirilib. Filmdə onun həyat yolu, fəlsəfəsi, Hindistanın azadlıq mübarizəsinə töhfəsi və zorakılıqdan imtinanın qlobal səviyyədə təşviqinə verdiyi töhfələr əks olunub.

Tədbir Hindistanın qlobal sülhə, dialoqa və fikir ayrılıqlarının dinc yollarla həllinə sadiqliyini bir daha nümayiş etdirib, eyni zamanda Mahatma Qandinin zorakılıqdan imtina ilə bağlı zamanın sınağından çıxmış fəlsəfəsinin universal əhəmiyyətini bir daha təsdiqləyib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 17:48


























