Mahatma Qandi bütün dünyaya məxsusdur
Azərbaycandakı hind diaspor assosiasiyaları ilə birlikdə Mahatma Qandinin doğum gününün 153-cü ildönümünü qeyd etmək üçün “Qandi Cayanti” tədbirini keçirilib.
Hindistan Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxış edərək bildirib ki, Mahatma Qandi sadəcə Hindistanı azadlığa aparan milli hərəkatının lideri deyil, həm də dünya üçün bir müəllim olub: “O, tək Hindistana deyil, bütün dünyaya məxsusdur. Onun mesajları Hindistanın azadlıq mübarizəsi kontekstində verilsə də, bütövlükdə bütün dünya üçün nəzərdə tutulub. Birləşmiş Millətlər Təşkilatı Mahatma Qandinin çoxşaxəli töhfəsini qəbul edərək, qeyri-zorakılıq fəlsəfəsini və strategiyasını həmçinin təhsil və ictimai maarifləndirmə yolu ilə yaymaq üçün 2007-ci ilin iyununda onun doğum gününü Beynəlxalq Qeyri-Zorakılıq Günü elan edib”.
O, vurğulayıb ki, Mahatma Qandi bu gün də onların ruhlandırmağa davam edir. Onun təlimləri həm məkan, həm də zaman baxımından ümum xarakter daşıyır. Onlar Qandinin həyatda olduğu vaxtlarda olduğu kimi, bu gün də aktualdır və bəşəriyyətin üzləşdiyi problemlərə həll yolları təklif etməyə davam edəcək.
Daha sonra tədbir iştirakçıları məşhur azərbaycanlı müğənni Tofiq Əliyevin ifasında Mahatma Qandinin sevimli “Vaişnav Can To Tene Kahiye” mahnısına çəkilmiş videoklipi izləyiblər, eləcə də Mahatma Qandinin həyatına dair qısa təqdimata və sənədli filmə baxıblar. Tədbirdə, həmçinin Qandi haqqında çıxışlar, şeirlər və mahnılar dinlənilib.
Tədbir zamanı iştirakçılar, həmçinin tədbirin keçirildiyi məkanın foyesində təşkil olunmuş Qandi haqqında rəsm sərgisinə, eləcə də əl ilə əyirilmiş tekstil – Xadi sərgisinə baxmaq imkanını əldə ediblər.
Tədbirə Azərbaycanın rəsmi şəxsləri, tanınmış mədəniyyət xadimləri, universitetlərin nümayəndələri, Hindistan tarixi və mədəniyyətinin həvəskarları, Hindistanın Azərbaycandakı dostları, habelə hind icmasının çoxsaylı üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr daxil olmaqla 150-yə yaxın iştirakçı qatılıb.
Reportyor.az
MƏDƏNİYYƏT