mobil versiya

Azərbaycanda qadınların pensiya yaşı növbəti həftə artırılacaq




Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq.

2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

DövrKişilər üzrə pensiya yaşıQadınlar üzrə pensiya yaşı
1 iyul 2017 – 30 iyun 201863 il 6 ay60 il 6 ay
1 iyul 2018 – 30 iyun 201964 il61 il
1 iyul 2019 – 30 iyun 202064 il 6 ay61 il 6 ay
1 iyul 2020 – 30 iyun 202165 il62 il
1 iyul 2021 – 30 iyun 202265 il62 il 6 ay
1 iyul 2022 – 30 iyun 202365 il63 il
1 iyul 2023 – 30 iyun 202465 il63 il 6 ay
1 iyul 2024 – 30 iyun 202565 il64 il
1 iyul 2025 – 30 iyun 202665 il64 il 6 ay
1 iyul 2026 və sonra65 il65 il

Həmin qanuna görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ var.
Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Hazırda minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.
Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu göstərici 30 iyun 2026-cı ilədək keçərlidir.


Reportyor.az 



MANŞET / KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:15