mobil versiya

Ölkənin ən “məsum” naziri – tanış olun....



“Qara maskalılar”ın gözlənilən Bakı əməliyyatları nazirliklərdən birinə qədər çatdı. Çatdı çatmasına, amma maraqla nəticəsini gözləyirik. Çünki hələlik ortada gurultulu cinayətlər olsa da, tutulanlar çox da gurultulu fiqurlar deyil – nazir müavini, baş idarə rəisi, mətbuat xidməti rəhbəri... İlkin araşdırmalardan belə məlum olur ki, bu “muşketyorlar” nazirliyin büdcəsini dədə malı kimi mənimsəyib, altından girib, üstündən çıxıblar. Mədəniyyət Nazirliyi deyib keçməyin, burda yeyilən, yeyilə biləcək pulların sayı-hesabı yoxdur. Büdcədən bu nazirliyə o qədər pullar ayrılıb ki... Tutulan məmurlar da o pullarla o qədər “mədəni oğurluq” ediblər ki, adam buna deməyə mədəni söz belə tapa bilmir.

Məsələn, biz paytaxt sakini olaraq hər zaman düşünmüşük ki, gözəl Bakının arxitektural binaları niyə Mədəniyyət Nazirliyinin reyestrindən çıxarılaraq sökülür? Sökülməsi bir tərəfə, niyə dərhal onların yerində çoxmərtəbəli binalar tikilir? Səbəb Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov olmasın? Şəhərə gözəllik verən binalar guya təmirsizlik, faydasızlıq arqumentləri ilə niyə göyə buxarlanırmış, indi bildinizmi? Bu cənabların bank hesabları qabarsın, pul qabları şişsin, xaricdəki mal-mülklərinin sayı artsın deyə. Nazirin müavin Rafiq Bayramov isə büdcə vəsaitlərini talayıb, mədəniyyət şöbələrinə rəhbərləri rüşvət alıb təyin edib. Yenə də bizə elə gələ bilər ki, mədəniyyət şöbəsi rəhbəri olmaq üçün müğənnilər, ya da digərləri niyə rüşvət vermək istəsin ki? İstəyirmiş, sən demə.

Əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət üzvü ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, o, həmin şəxslərə bölgələr və ya Bakı ərazisində fəaliyyət göstərən mədəniyyət evlərində rəhbərliyə gətirilmə ilə bağlı müəyyən vədlər verib. Qarşılığında isə onlara şərt qoyub. Belə ki, direktor seçiləcək incəsənət üzvü təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələlərini öz üzərinə götürməli imiş.

Ən əcaibi isə mədəniyyət nazirliyinin saytının yenidən hazırlanması və reklam olunması üçün büdcədən 20 min manat ayrılması olub. 5 deyil, 10 deyil, 20 min manat... Adamlar rəsmən “dövlətin malı dəniz, onu yeməyən donuz” məntiqi ilə davranıblar. Bir saytın hazırlanması, reklam olunması üçün alınan 20 min manat qədər absurd heç nə ola bilməz. Rəsmi saytın reklam olunması sadəcə lətifədir. Və üstəlik, bu saytı heç birimiz tanımırıq, izləməmişik, amma ortada 20 min manatı həzmi-rabedən keçirən məmurları tanıyırıq.
Lətifənin ən gülməli hissəsi isə nazirliyin başında duran şəxsin – Əbülfəs Qarayevin “məsum” tövrləri, açıqlamalarıdır. Adam sanki bu söhbətlərin ona heç bir aidiyyatı yoxmuş kimi, özünü Aldanmış Kəvakib kimi aparıb, deyir ki, “əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”. Yəni, tutulanlar sinfin “dəcəl oğlanları”dır, mənsə nümunəvi şagirdəm. Nə gözəl İstanbul... Bütün bu hoqqalar baş verən zaman siz harada idiniz, cənab nazir? Büdcə talan olunanda, insanlara vəzifələr gizli kabinetlərdə satılanda, adlar-sanlar peşkəş veriləndə, tarixi irslər uçurulub, yerinə göydələnlər tikiləndə siz nə edirdiz? Aristokratik görüntü, rusdilli təhsil, məşhur nəslin nümayəndəsi olmaq.... bir yerə qədər! Pullar yeyiləndə siz onları fransız şərabı içərəkmi izləyirdiz? Yoxsa Bethovenin əsərlərini dinləyərəkmi? Hansısa nazirin mədəni insan olması, bu günə qədər dilindən pis bir sözün çıxmaması onun nümunəvi nazir olması anlamına gəlmir və gəlməməlidir. Bu ölkədəki hər kəs mədəniyyət sahəsindəki bu rəzalətləri görürsə, sizin bunları görməməniz absurddur sadəcə. Başında dayandığınız nazirliyin “mətbəx”indən xəbəriniz yoxdursa, bu da sizin o nazirlik süfrəsində haqsız yerə oturduğunuzun sübutudur.

Korrupsiyanın dibinə qədər enən və sonradan həbs olunan adamlardakı bu özgüvən, ütülü cümlə qurma cəsarəti hardan qaynaqlanır görəsən? Biri tutulan kimi deyir, “haqq öz yerini tapacaq”, o biri 5 min manatlıq toqqasını belinə bərkidib deyir, “vicdan əzabı çəkirəm”. Son olaraq da nazir Qarayev deyir, əgər neqativ nəsə varsa, hüquqi qiymət veriləcək. Şərti budaq cümləsi qurur, “varsa” deyir, “bəlkə” deyir, güman edir. Bəlkəni əkiblər, cənab nazir, bitənləri isə göndəriblər türmələrə. Siz daha nəyi düşünürsüz?

Ay gözəl insan, ay rus dilində düşünüb, Azərbaycan dilində danışmağa cəhd edən, mədəniyyət deyəndə əlindəki fransız şərabının hansı ildə hazırlandığını əsas tutan elitar adam!!! Nazirliyi gözünüzün qabağında yırtıcılar ordusu parça-parça edib. Bina qalmayıb, ad qalmayıb, sayt qalmayıb... hərəsi bir tərəfdən söküb, həzmi-rabedən keçiriblər. Yaxşı, mən sıravi jurnalist də “xəbərim yox idi” deyim, siz də? O zaman adama deməzlərmi ki, bəs o nazirliyin başında nə işiniz vardı? İşçiləri tərəfindən aldadılan, “məsum” nazir! Axı deyirlər, oğurluğun ömrü 40 gün çəkir. Siz 26 illik vəzifə sahibi olaraq bu oğurluqlardan xəbər tutmadan yaşamısız? Aldadıla-aldadıla davam etmisiz, yoxsa psixoloqların son hoqqası ilə desək, həyata çəhrayı eynəklərlə baxmısız? Bu, sizin sadəlövh olduğunuzu yox, bizi mədəni şəkildə söymək istədiyinizi göstərir sadəcə...

Biz isə artıq söyülmək istəmirik. Ən azı indən belə...


Sevinc Telmanqızı,
Musavat.com

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 10-05-2020, 23:26