mobil versiya

Bu gündən Mərkəzi Bank yenilənmiş 100 manatlıq pul nişanını tədavülə buraxıb




Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını iyulun 15-dən tədavülə buraxıb.

“İqtisadiyyat və inkişaf” mövzusuna həsr olunan 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və sair tətbiq olunub.
Yenilənmiş 100 manatın üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) prosesləri aparılıb. Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. (Azərtac)

Reportyor.az 




MANŞET / KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:18