Həqiqətənmi bütün yollar Romaya aparırdı?... Bir araşdırmanın cavabı

Bu yaxınlarda aparılan bir araşdırma göstərib ki, "bütün yollar Romaya aparır" məşhur ifadəsi Roma İmperiyasının quru nəqliyyat şəbəkəsinin strukturunu dəqiq əks etdirmir.
Belə ki, qədim paytaxt yol sistemi üzrə səyahət üçün ən mərkəzi nöqtə deyildi; əvəzində, sonradan Konstantinopola çevrilən Bizantion şəhəri imperiyanın uzaq bölgələrini birləşdirmək baxımından daha mühüm mövqeyə malik idi.
Tədqiqatçılar şəhərlərin yerləşdiyi məkanları, quru səyahət marşrutlarını və onları birləşdirən yolların əhəmiyyətini təhlil etmək üçün Avropa, Şimali Afrika və Yaxın Şərq boyunca uzanan təxminən 299 000 kilometrlik Roma yollarını əhatə edən ətraflı rəqəmsal modeldən istifadə ediblər.
14 901 marşrutla əlaqələnən 10 516 kəsişmə və yol sonu nöqtəsindən ibarət şəbəkənin təhlilindən sonra araşdırmanın nəticələri 15 sentyabr 2026-cı ildə *Nature Communications* jurnalında dərc edilib.
Roma şəbəkənin mərkəzində deyil
Nəticələr göstərdi ki, Roma İtaliyanın qərb sahilindəki yollar üzərində mühüm mövqeyə malik olsa da, bütövlükdə imperiyanın quru yol şəbəkəsinin mərkəzində deyildi.
Danimarkanın Aarhus Universitetinin klassik dövr arxeoloqu Tom Bruqmans Reuters agentliyinə açıqlamasında: "Bütün yollar Romaya aparırdı? Tam olaraq yox", – deyə bildirib. O izah edib ki, şəhər Aralıq dənizində naviqasiya üçün mərkəzi əhəmiyyət daşısa da, quru yol şəbəkəsində eyni mövqeyə malik deyildi.
İmperator Avqust eramızdan əvvəl 20-ci ildə Roma Forumunda imperiya yollarının başlanğıc nöqtəsini simvolik olaraq təmsil edən və "Qızıl Mil Daşı" (Golden Milestone) kimi tanınan qızılı abidə ucaltmışdı. Lakin yeni araşdırma göstərir ki, Romanın simvolik və siyasi dəyəri onu mütləq şəkildə quru səyahəti üçün ən vacib qovşağa çevirmirdi.
Təhlil nəticəsində məlum olub ki, İtaliya yarımadası daxilindəki ən mərkəzi marşrut ölkənin əks tərəfində, Adriatik sahili boyunca uzanır və Romadan yan keçirdi.
Tədqiqatçılar müəyyən ediblər ki, eramızın 4-cü əsrində Konstantinopola çevrilən Bizantionun yerləşdiyi məkan Avropa və Asiyanın yol şəbəkələrini birləşdirmək üçün daha əlverişli idi. Brughmans qeyd etdi ki, şəhər imperiya daxilindəki quru yolu səyahətləri üçün müstəsna dərəcədə mərkəzi mövqeyə malik idi; Bosfor boğazındakı yerləşməsi və Avropa ilə Asiya sahillərini birləşdirən bərələrin mövcudluğu sayəsində o, hətta Romadan daha əlverişli mərkəzi mövqe tuturdu.
Bununla belə, bu nəticə bütün səyahətlərin Konstantinopoldan keçdiyi anlamına gəlmir; əksinə, o, imperiya bölgələri arasındakı ən qısa quru yolu marşrutlarında daha vacib bir qovşaq kimi ortaya çıxırdı.
Tədqiqat həmçinin göstərdi ki, Ankara, London və Korinf kimi əyalət mərkəzləri öz regional şəbəkələrində mərkəzi mövqe tuturdular; bu da idarəetmə, vergi yığımı, eləcə də əsgər və malların daşınması işlərinə kömək edirdi.
Tədqiqatda həmçinin Roma yollarının sıxlığı ilə müasir əsas magistral yollar arasında əlaqə aşkar edildi ki, bu da qədim infrastrukturun nəqliyyat sxemlərinə davamlı təsirini əks etdirir.
Roma yolları geniş yayılmış təsəvvürlərdəki kimi həmişə düz xətt üzrə uzanmırdı; onlar düzən ərazilərdə birbaşa marşrutlar seçsələr də, nahamar relyefdən və yüksəkliklərdən yayınmaq üçün əyri istiqamətlər alırdılar.
Beləliklə, tədqiqat məşhur ifadənin məcazi mənasını inkar etmir, lakin onun coğrafi mənzərəsini dəqiqləşdirir: Roma imperiyanın siyasi və rəmzi mərkəzi olsa da, quru yolu şəbəkəsi tamamilə onun ətrafında cəmləşməmişdi.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 11:04


























