Bayram tətili günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub
Yeni il ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Respublika üzrə təcili tibbi yardım xidmətinə tətil günlərində (30.01.2024 - 05.01.2025-ci il tarixlərində) ümumilikdə, 39 881 çağırış daxil olub.
Onlardan 18 597-si paytaxt Bakı üzrə, 21 284-ü isə bölgələrdə qeydə alınıb.
Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən respublika üzrə ümumilikdə 3 156 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 321 nəfər Bakı üzrə, 1 835 nəfər isə bölgələr üzrə olub.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2025-ci il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gündəlik 2 771 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Qeyd edək ki, çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji, respirator xəstəliklər və s. ilə bağlı olub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 6-01-2025, 15:54