mobil versiya

GDT peyvəndi göyöskürək, tetanus və difteriyaya qarşı vurulan peyvənddir



GDT peyvəndi göyöskürək, tetanus və difteriyaya qarşı vurulan peyvənddir.

Reportyor.az
TƏBİB-ə istinadla xəbər verir ki, bu xəstəliklərin hər biri haqda məlumatlı olmağınız əhəmiyyətlidir. Xəstəlikləri tanımaq, onlarla mübarizə yollarını öyrənmək özünüzün və sevdiklərinizin həyatını xilas edə bilər!
Göyöskürək
Göyöskürək ağciyər və tənəffüs yollarında rast gəlinən yüksək yoluxuculuq qabiliyyətinə malik bakterial infeksion xəstəlikdir. Daha çox peyvənd olunmamış 1-10 yaş aralığında olan uşaqlarda rast gəlinir və 6-12 həftə, bəzən isə daha çox müddət ərzində davam edə bilir.
Əsasən, hava-damcı yolu ilə xəstə şəxsin asqırması və ya öskürməsi nəticəsində digər insanlara keçir.
Xüsusən 2 yaşdan kiçik uşaqlar üçün çox təhlükəlidir. İnkubasiya dövrü 7-14 gündür. Uşaq xəstəliyin 1-ci günündən 25-ci gününə qədər yoluxucudur.
Öskürək tutmaları qusma ilə nəticələnə bilər. Xəstəliyin ən çox rast gəlinən ağırlaşması pnevmoniyadır. Xəstənin yaşı nə qədər azdırsa, ağırlaşma riski bir o qədər yüksək olur.
Bundan başqa, uşaqlarda tutma fonunda qıcolmalar, göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüs dayanması təhlükəli fəsadlardan hesab olunur.
Difteriya
Difteriya da göyöskürək kimi infeksion xəstəlikdir və əsasən, döş qəfəsi, yuxarı tənəffüs yollarını zədələyir.
Bakteriya həmçinin digər orqanları zədələmə funksiya, boğazda ağrı, az miqdarda temperatur yüksəlməsi, boğazda badamcıqların şişməsi əlamətlərilə müşahidə olunur.
Bu xəstəlik birbaşa fiziki kontakt yolu ilə və ya xəstə insanların öskürməsi, asqırması nəticəsində əmələ gələn aerozol formalı sekresiyanın udulması zamanı insandan insana keçir.
Difteriya əleyhinə vaksinasiya bu xəstəlikdən dolayı baş verən xəstələnmə və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmaqda ən effektiv üsuldur.
Xəstəlik daha çox 3-7 yaş arası uşaqlarda müşahidə olunur, inkubasiya dövrü 2-10 gündür.
Tetanus
Tetanus ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Eritrositlərin parçalanması və skelet əzələlərinin qıcolması ilə müşahidə oluna, boğulma və ölümlə nəticələnə bilər.
Tetanus mikrobu gövşəyən heyvanların bağırsaqlarında yaşayır, torpağa düşür, nəticədə isə insana keçə bilir.
Xəstəliyin inkubasiya dövrü 1 gündən 30 günə qədər davam edə bilər.
Xəstəlik adətən kəskin halsızlıqla, əksər hallarda sağalmaya meylli olan yara ətrafı əzələ və dərinin gərginliyi, dartılması ilə başlayır.
Xəstəliyin başlanğıc əlaməti çeynəmə əzələlərinin yığılması nəticəsində çənənin qıc olmasıdır.
Xəstəlik qırtlaq spazmı, sümüklərin sınması, ağciyər trombozu, pnevmoniya, nəfəsalmada çətinlik kimi ağırlaşmalarla xarakterizə olunur.
Tetanus çənə spazmı və bütün bədən əzələlərinin ağrılı spazmı, qəfil baş verən ağrılı əzələ yığılması, udqunma problemi, qıcolmalar, baş ağrısı, qızdırma, tərləmə, qan təzyiqi və ürək ritminin pozulması kimi əlamətlərlə müşahidə edilir.
Bu cür təhlükəli xəstəliklərdən qorunmağın ən effektiv üsulu məhz peyvəndləmədir. Bu məqsədlə uşaqlara vurulan GDT peyvəndi həyati əhəmiyyət daşıyır.
Peyvənd yaşadır!

SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 12:23