Bakının mərkəzində yol çökmək üzrədir - Qurumlardan AÇIQLAMA - FOTO
Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində yolun asfalt-beton qatı çökmək üzrədir.
REPORTYOR.AZ xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli problemin qısa zamanda həll olunacağını bildirib.
"Göründüyü kimi ərazidə 2 kommunikasiya xəttinin baxış qapaqları var. Çox güman ki, həmin ərazidən keçən kommunikasiya xəttində hər hansısa bir problem var ki, belə hallar baş verir.
Təbii ki, əgər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ərazidə olarkən belə hallarla rastlaşırlarsa, dərhal aidiyyəti üzrə məlumat verilir və problemin aradan qaldırılması üçün addım atılır.
Orada kommunikasiya xəttində hər hansısa problem varsa, buna cavabdeh olan qurumun əməkdaşları dəvət olunur, baxış keçirilir, problem aradan qaldırılır və daha sonra asfalt-beton örtüyü bərpa edilir.
O cümlədən vətəndaşların müraciəti, eyni zamanda sosial şəbəkələrdə yayılan foto-video faktlar əsasında da biz dərhal araşdırmalara başlayıb, problemin aradan qaldırılması üçün işlər aparırıq".
Qurum rəsmisi bildirib ki, kommunikasiya xətlərinə aidiyyəti qurumlar nəzarət etməlidir, lakin bu, yolda baş verirsə, avtomobillərin, piyadaların hərəkətində problem yaşanmaması üçün bəzən özümüz həmin qurumlara müraciət etmədən işlər görürük.
"Ötən gecə sosial şəbəkədə 8 Noyabr prospekti ilə kəsişmədə olan bir küçənin kənarında baxış qapağının qırıldığı barədə məlumat yayılmışdı. Səhər saatlarında əraziyə bizim əməkdaşlar göndərildi və qısa müddət ərzində aidiyyəti quruma məlumat verilmədən həmin problem aradan qaldırıldı. Bu kimi hallar olanda, dərhal reaksiya veririk".
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə açıqlamasında yol çökməsi faktı ilə bağlı məsələnin araşdırılması üçün əraziyə işçi qrupun göndərildiyini bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 13-07-2021, 11:22