Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - Bu şəxslərə pul verməyin - VİDEO
Bakıda sovet dövründən qalmış çoxmənzilli yaşayış binalarının bir qismini hələ də Mənzil Kommunal İstismar Sahələri idarə edirlər. Müəyyən xidmətlər müqabilində onlara ödəniş edilir. Millət vəkilləri və ekspertlər bildirirlər ki, Mənzil İstismar Sahələrinin ödəniş toplamaq hüququ yoxdur. Bir neçə il bundan əvvəl müvafiq qanunvericiliyə edilmiş dəyişikliklə bu səlahiyyət ləğv edilib. Bəs görəsən hazırda fəaliyyət göstərən Mənzil İstismar Sahələri bu məsələni necə şərh edirlər?
REPORTYOR.AZ xəbər verir ki, sovet dövründə tikilib istifadəyə verilmiş çoxmənzilli binaların bir hissəsi hələ də Mənzil Kommunal İstismar Sahələrinin balansındadır. Vətəndaşlar binaların həyətlərinin təmizlənməsinə görə bu qurumlara ödəniş etdiklərini deyirlər.
Millət vəkili Nurlan Həsənov deyir ki, sakinlər Mənzil İstismar Sahələrinə ödəniş etmələri qanuni deyil. Onun sözlərinə görə bir neçə il bundan əvvəl qanunvericiliyə edilmiş dəyişiklikdən sonra onların bu səlahiyyəti aradan qaldırılıb.
Ekspertlər bildirirlər ki, ''dövlət və ictimai mənzil fondun özəlləşdirilməsi haqqında'' qanunda edilən dəyişikliyə əsasən mənzil istismar sahələri yalnız sahə mükiyyətçilərinin bununla bağlı qərarı əsasında idarəetməni həyata keçirə bilərlər. Yaşayış sahəsinin saxlanması üçün hansısa vəsaitin ödənilməsi idarəetməni həyata keçirən qurumla müvafiq xidmət müqaviləsində öz əksini tapmalıdır. Əgər müqavilə yoxdursa, vəsaitin toplanması qanunsuzdur.
Məsələyə münasibət bildirən Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov deyir ki, Mənzil İstismar Sahələrinin başlıca vəzifəsi sovet dönəmindən qalan binaların idarə olunmasıdır. Bildirib ki, bina sakinləri Müştərək Cəmiyyət yaratmadıqları üçün hazırda bu proses Mənzil İstismar Sahələri tərəfindən həyata keçirilir.
Elçin Həşimov qeyd edib ki, vətəndaşlar müştərək cəmiyyət yaratsalar, onda Mənzil İstismar Sahələri fəaliyyətini dayandıracaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 9-12-2021, 08:58