Bakı Nəqliyyat Agentliyinin yığılmış zərəri 220 milyon manata çatıb
Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ili 98,724 milyon manat zərərlə başa vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Report Agentliyin maliyyə hesabatına istinadən məlumatına görə, bu, 2019-cu illə müqayisədə 29,1% çoxdur.
Son nəticədə qurumun yığılmış zərəri 81,8% artaraq 219,354 milyon manat olub.
2020-ci ildə BNA-nın əsas əməliyyat gəlirləri 9,936 milyon manat (36% az), sair əməliyyat gəlirləri 248 min manat (2019-cu ilə nisbətən 74,4% az), xarici valyuta ilə əməliyyat gəlirləri 26 min manat (2019-cu ildə zərər olub), digər gəlirləri 550 min manat (2019-cu ildə zərər olub), əməliyyat xərcləri 31,479 milyon manat (81,8% çox) əmək haqqı və işçilərlə bağlı digər xərcləri 6,356 milyon manat (42,8% çox), amortizasiya xərcləri isə 71,648 milyon manat (4,5% çox), təşkil edib.
2021-ci il yanvarın 1-nə BNA-nın aktivləri 543,275 milyon manat olub ki, bu da illik müqayisədə 14,1% çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 30,55% artaraq 8,218 milyon manata, balans kapitalı isə 13,9% artaraq 535,057 milyon manata çatıb.
Xatırladaq ki, BNA ölkə prezidentinin “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb, dövlət başçısının “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib, ölkə rəhbərinin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 7 fevral 2020-ci il tarixli fərmanı ilə Bakı meriyasının tabeliyinə verilib. Onun nizamnamə kapitalı 49,068 milyon manatdır. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
SON XƏBƏR / KARUSEL
Tarix: 3-03-2022, 10:15