mobil versiya

İfadəyə bax, sən: “kəndir yoldaşı” - Yadigar Cəfərli yazdı



Bu gün radioda təsadüfən alpinist İsrafil Aşurlunun müsahibəsini dinlədim.

2007-ci ildə Everestə dırmaşıb. Özünün dağ təcrübəsindən maraqlı söhbətlər edirdi.

Everest kimi çətin məkanlarda həlak olan dağçıların cəsədlərini endirmək, adətən, mümkün olmurmuş.

Təsəvvür edin ki, yuxarılara doğru irəliləyirsən, birdən rastına 1920-ci ildə həlak olmuş başqa bir alpinistin buzun içində tam salamat qalmış cəsədi çıxır.

Eyni qrupda səfərdə olmuş alpinistlərin bir-birini “kəndir yoldaşı” adlandırmasını da ilk dəfə bu müsahibədə eşitdim.
İfadəyə bax, sən: “kəndir yoldaşı”

Amma ən maraqlısı tamam başqa məqam idi.

Qərb ölkələrindən gələn alpinistlər belə bir fəlsəfə ilə yola çıxırlarmış: əgər köməyə möhtac birinə yardım haqqında düşünsəm, özüm də onun gününə düşəcəyəm, zirvəyə yetişmək alınmayacaq. Ona görə hətta kimsə yanında yıxılıb can versə belə, uzaqbaşı dörd-beş dəqiqə ayaq saxlayıb azca oksigen, bir-iki qurtum isti çay köməyi...

Vəssalam, dərhal da yola davam. Sənin işin insan həyatını qurtarmaq yox, zirvəni fəth etməkdir.

Vladimir Vısotskinin çəkildiyi "Vertikal" filmində bəzi məqamları əks olunan sovet alpinizm məktəbindən gələn fəlsəfə isə, dediyinə görə, tamam başqadır. Və yaxşı ki, bunu hələ də yaşadanlar var.

Ənənələr təlqin edir ki, əgər yanında həyatı təhlükədə olan biri varsa, dərhal dağı unut. Onun həyatını xilas eləmək barədə düşün.

Bir neçə il əvvəl, deyəsən elə, Himalay dağlarında İsraildən olan bir dağçı, Almaniyadan gəlmiş az təcrübəli türk alpinistini bu şəkildə ölümdən qurtarıb. Zirvəyə isə daha çıxa bilməyib.

Buraxın Everesti, fikrimcə, ən yüksək ucalığı fəth edənlər elə ikincilərdir.

Çünki heç bir hündürlük insanlıq zirvəsi ilə müqayisə oluna bilməz.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 28-12-2019, 15:21